Elbrus Abbasov: “Respublika stadionunda mənim “toçka”larım var idi”

0
522

Budəfəki həmsöhbətimiz “Neftçi”nin veteran futbolçularından biri Elbrus Osman oğlu Abbasovdur. Müsahibimiz artıq neçə ildir ki, Ağdamın Quzanlı qəsəbəsində məskunlaşıb. Və elə orada futbolumuzun inkişafına öz töhfəsini verməyə çalışır. Müsahibimizə ilk suallarımız da onun son illərdəki fəaliyyəti ilə bağlı oldu.

– Elbrus müəllim, söhbətimizə Ağdamdan – Quzanlıdan başlayaq…

– Bəri başdan deyim ki, Prezident İlham Əliyev cəbhəyanı bütün rayonlar kimi, Ağdamı – Quzanlını da həmişə diqqət mərkəzində saxlayır. Quzanlı yaxın illərədək öz görkəmi ilə ölkənin digər kəndlərindən elə də ciddi şəkildə fərqlənmirdi. Son illərdə isə dövlətin yetərli və davamlı qayğısından güc alan, doğma yurdu canından artıq sevən ağdamlıların fədakarlığı kəndi şəhərə çevirib desəm, qətiyyən yanılmaram. Belə ki, son illər Ağdamda 19 köçkün şəhərciyi salınıb. Bu yaşayış massivlərində 100 münədək insan məskunlaşıb. Mən də dörd il bundan əvvəl burada, daha doğrusu, Quzanlı qəsəbəsində öz vəsaitim hesabına (təxminən 20 min) bir mini-futbol meydançası təşkil etməklə bu inkişafa öz töhfəmi verdim. İndi orada 100-dən çox uşaq futbolla məşğul olur (Yeri gəlmişkən, onu da qeyd edim ki, mən AFFA-nın Qarabağ üzrə koodinatoruyam). Onlar Ağdamı təmsil edən 5 komandanın (10, 11, 12, 13, 14 yaşlı uşaqlardan ibarət) tərkibində oynayırlar. Həmin komandalardan 4-ü ölkə çempionatında çıxış edir. Halbuki məlum hadisələrdən sonra Ağdamda, demək olar ki, futbolla məşğul olan uşaq yox idi.

– İlk dəfədir ki, öz vəsaiti hesabına idman qurğusu inşa etdirmiş bir veteran futbolçu ilə həmsöhbət oluram. Sizdən başqa bu sahədə xeyirxah addım atmış daha kimsə varmı?

– Şəxsən mən elə bir adam tanımıram…

– Bir də axı Quzanlıda stadion var idi… “Qarabağ” ev oyunlarını orada keçirərdi…

– Yaxşı yadıma saldınız. Mən buranın sakini kimi (Mən özüm artıq xeyli vaxtdır ki, Quzanlıda yaşayıram) hələ 5-6 il öncə “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməməsi ilə bağlı ölkə başçısına müraciət etmişdim. Az sonra bu, öz həllini tapdı. Lakin sonradan həmin stadion baxımsız vəziyyətə düşdü. Nəticədə “Qarabağ” futbol klubu Ağdamın Quzanlı qəsəbəsindəki stadionundan imtina etdi və ev oyunlarını Bakıda keçirməyi üstün tutdu. Halbuki “Qarabağ” ev oyunlarını burada keçirəndə həmin stadionun tribunaları dolu olardı. Əhali matçı izləmək üçün rayonun hər yerindən bura axışardı. Nə isə, bunu cəbhəyanı ərazinin sakinlərinə çox gördülər. Mən yaranmış bu boşluğu doldurmaq, daha doğrusu, Ağdam futbol məktəbini dirçəltmək məqsədi ilə işə başladım və müəyyən nailiyyətlər əldə etdim… İnandırım sizi, bir balaca dəstək olsa, elə indi bu rayondan birinci dəstəyə komanda çıxarmaq olar.

Bir də unutmayaq ki, hər bir bölgə, rayon idmanın bir sahəsi üzrə ad çıxarıb. Ağdam isə hər zaman öz futbol məktəbi ilə tanınıb. Adil Nadirov, Şəfəq Hümbətəliyev, Hüseyn Əhmədov, Baxşeyiş Rəhimov, İdris Məmmədov, Elxan Quliyev… bu məktəbin yetirmələri olublar. Ağdamın futbol komandası sovet vaxtı ölkə çempionu olub, ölkə kubokunu götürüb. Üstəlik, “Qarabağ” mənim rəhbərliyim altında SSRİ birinciliyinə çıxıb…

“Ayaq qoyulası yerə

baş qoyardıq”

– Elbrus müəllim, ümumiyyətlə, bu günün uşaq futbolunu necə dəyərləndirərdiniz?

– Bu gün uşaq futbolumuz yavaş-yavaş inkişaf edir. Və bu inkişaf futbolumuzun sabahına bir sərmayədir. Mən həmişə demişəm, yenə də deyirəm, futbolumuzun taleyi uşaq futbolundan asılıdır. Legionerlər gəldi-gedərdir.

– Amma ortada bir şey yoxdur axı…

– Niyə ki, var. Mən bunu əminliklə deyirəm.

– Hansı klubların uşaq futbolu sizi qane edir?

– Bütün klubların… Bir də unutmayın ki, biz müharibə şəraitində yaşayırıq. Bu mənada klublarımız, futbol məktəblərimiz futbolçu adı altında gələcəyin sağlam idmançılarını, vətənpərvər, həm də ölkəsinin müdafiəsinə hər an hazır olan əsgərlərini yetişdirir… Odur ki, deyirəm, bu istiqamətdə görülən işlərdə heç nə itirilmir, əksinə qazanılır.

– Amma bu, bir acı həqiqət ki, futbolçu lazım olanda bizim mütəxəssislər xaricilərə göz dikirlər… Yəni özümüzünkülər ilə o qədər dərindən maraqlanmırlar…

– Yox, mən elə deməzdim. İnsafən, seleksiyaçı məşqçilər uşaqların oyunları ilə maraqlanırlar. Amma bu gün bu məsələdə klubları da qınamıram. Bilirsinizmi niyə? Çünki rəhbərlik onların qarşısına elə tələblər qoyur ki… İlk dördlüyə düşməlisən, ölkə kubokunu əldə etməlisən… İndi siz deyin, belə olan formada hansı məşqçi birdən-birə uşaqlara meydan verər?

– Bu gün futbol veteranlarımız öz təcrübələrini gənclərə yetərincə aşılaya bilirlərmi?

– Bildiyiniz kimi, son illər bəzi klublarda Müşahidə Şuraları fəaliyyətə başlayıb. Güman edirəm ki, elə bu da veteranların öz təcrübələrini gənclərə öyrətmək baxımından yeni bir baxışdır.

– Elbrus müəllim, amma etiraf edək ki, yaradılmış şəraitə baxmayaraq, bizdə futbolun səviyyəsi hələ də o səviyyədə deyil…

– Bəli, gözəl şərait yaradılıb. Sizə bir şey deyim: bir il məşğul olmaqla güləşçi, boksçu olimpiya, dünya çempionu ola bilər. Amma futbol elə bir idman növüdür ki, onun inkişafının zamana daha çox ehtiyacı var. Tələsməyin, bizdə də futbol olacaq.

– Sizə elə gəlmirmi bizim futbolçular onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə edə bilmirlər?

– Mənə elə gəlir ki, futbolçulara çox pul verilməsi onları korladı. Onlar məsuliyyət hissini itirdilər, bizim o zamankı futbolçularımız kimi ola bilmədilər. Şəxsən mən “Neftçi” Bakıda heç-heçə oynayanda utandığımdan komandanın bazasında saatlarla üzüqoylu qalardım. Şəhərə belə çıxmazdım. Deyərdim, qoy növbəti oyunda udaq, sonra çıxaram. O zaman biz futbolçu kimi ayaq qoyulası yerə baş qoyardıq. Yenə deyirəm, legionerlərin ümidinə qalmaq olmaz. Legionerlər evini-eşiyini qoyub bura niyə gəliblər? Pula görə gəliblər də. Sən legionerin bizim üçün can qoyacağını ağlına belə gətirmə. Odur ki, onlar ayaqlarını da gözləyirlər, başlarını da…

Son dəqiqələrdən xatirələr

– Bir halda ki söhbət o illərə getdi. Elbrus Abbasov üçün ən yadda qalan oyun hansı olub?

– 1976-cı ildə “Neftçi” ilə bərabər Özbəkistanın “Paxtakor”, Ukraynanın “Tavriya” və Qazaxıstanın “Kayrat” komandaları da yüksək liqaya çıxmaq uğrunda mübarizə aparırdılar. “Neftçi” İvano-Frankovskin “Spartak” komandası ilə son oyununu keçirirdi. Hesab 3:3 idi. Bu hesabla biz yüksək liqaya çıxa bilməzdik. Matçın başa çatmasına 20 saniyə qalmız gözəl bir zərbə ilə qələbə topunu vurdum, özü də 35 metrdən. Bununla da yüksək liqaya vəsiqə qazandıq. Bu oyun mənim üçün daha yadda qalandır.

– Səhv etmirəmsə, siz o illərdə son dəqiqələrdə qol vuran futbolçu kimi tanınırdınız…

– Sizin bu sözləriniz daha bir oyunu yadaıma saldı. Səhv etmirəmsə, 1978-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” Özbəkistanın “Paxtakor” komandasını qəbul etdi. Həmin görüşü izləyənlər arasında ümummilli lider Heydər Əliyev və Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şərəf Rəşidov da var idi. İlk hissədə “Paxtakop” qapımızdan iki qol keçirdi. Fasilədə bir neçə dövlət məmuru – Ramiz Məmmədzadə, Kamran Hüseynov, Tələt Qasımov (o, “Neftçi”nin kuratoru idi) bizə dedilər: “Özünüzü ələ alın. Axı siz yaxşı oyunçularsınız, bu gün sizə nə olub? Bir də “Paxtakor” nə komandadır ki, uduzursunuz?” Elə bil yuxudan ayıldıq. Meydançaya elə yüksək əhval-ruhiyyə ilə qayıtdıq ki… Nə isə, ikinci hissədə biz nəinki hesabı bərabərləşdirdik, üstəlik, oyunun başa çatmasına 1 dəqiqə qalmış Əbdülqəni Nurməmmədovun ötürməsi ilə 3-cü qələbə topunu vurduq. Həmin qolun da müəllifi mən oldum. Bu zaman ulu öndər Heydər Əliyevin sevinclə ayağa qalxaraq əl çalmasına bütün azarkeşlər, elə biz də şahid olduq. Bu oyunun da mənim həyatımda özəl yeri var.

– Futbol ulduzu olmusunuz… Bu gün ulduz kimi unudulmamısınız ki?

– Bu məsələdə günahkar mən özüməm. Niyə? 7 ildən çoxdur ki, rayonda yaşayıram. Özümün təbliğinə əsla fikir verməmişəm. Yeri gəlmişkən, mən hazırda Prezidentin sərəncamı ilə Quzanlıda inşa olunmuş evlərin birində yaşayıram.

– Yəqin, təsərrüfatla da məşğul olursunuz?

– 12 sot torpaq sahəm var. Orada müxtəlif meyvə ağacları əkmişəm. Onlara qulluq etməkdən zövq alıram. Sözün düzü, son illər Bakıda çətin nəfəs alırdım. Amma orada özümü yaxşı yox e… necə deyərlər, quş kimi hiss edirəm. Hə, bir halda ki, söhbət həm də yaşayış tərzimdən düşdü: mənə ulu öndərimiz Heydər Əliyev də 1976-cı ildə Bakıda mənzil vermişdi. O mənzili mən sonradan Ağdamdakı bir mənzilə dəyişmişdim.

– O illərdə mənzildən başqa daha nələr qazanmısınız?

– Evdən başqa heç nə… Amma yoldaşlarımın ev, maşın almalarına həmişə yardımçı olmuşam.

“Onların hər birini tanıyırdım”

– Ağdamlı günləriniz yada düşəndə hansı hissləri keçirirsiniz?..

– Kövrəlirəm demək azdır, göynəyirəm elə bil. Vallah, Ağdamlı günlərim hər gün gözlərim önündə canlanır. O, məkanı unutmaq olarmı?

– Eşitdiyimə görə, Qarabağda məlum hadisələr başlayan gündən siz əsl partizanlar kimi fəaliyyətdə olmusunuz?

– Bilirsinizmi, mənim bütün yaxınlarım Ağdamda yaşayırdılar. O illərdə ermənilər Qarabağda fəallaşmışdılar. Belə bir vəziyyətdə əzizlərimin yanında olmaq istədim və 1987-ci ildə Ağdama qayıtdım. Və burada Ağdam şəhər İstehlak Cəmiyyətinin sədri vəzifəsində işə başladım. O zamanlar bir sıra ərzaq məhsulları – yağ, ət talonla verilərdi. Demək olar ki, ərzaq sarıdan problemlər yaşanırdı. Bunun qarşısını almaq məqsədilə mən şəxsi kanallarımla Ukraynadan, Belorusiyadan, Pribaltika ölkələrindən bu kimi ərzaq məhsullarını Ağdama gətirtdirərdim (Paytaxtla əlaqəmiz, demək olar ki, yox idi). Gətirdiyim məhsulları da yas yerlərinə havayı paylayırdım. Kimsə deyə bilməz ki, mən kimsədən nə isə ummuşam. Seyid Lazım Ağanın ruhu haqqı, mən camaatın qulluğunda minnətsiz dayanmışam. Bilirsiniz, o illərdə Ağdamda o qədər yas mərasimi vardı ki… Camaat toy üzünə həsrət qalmışdı.

Mən nə qədər təhlükəli olsa da, Xankəndi ətrafındakı 50 kəndə baş çəkər, onları ərzaqla təmin etməyə çalışardım. Onu da deyim ki, bu səfərlərə Ağdamda “Kamaz” Arzu adı ilə tanınan şəxslə çıxardım. Bu işdə o zaman şəhərin I katibi Sadıq Murtuzayev da yaxından kömək edərdi.

– O illərdə Ağdamda əsgərlərimiz yox idi?

– O zaman Ağdamda 12 batalyon vardı ki, onlara da əl tutardım. O batalyonlarda kimlər yox idi: Rəşad Nadirov, Allahverdi Bağırov, Eldar Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, Qatır Məmməd… Ağdam 6 min şəhid verib. İnandırım sizi, onların hər birini tanıyırdım. Vallah, bir balaca fikirləşməklə onların hamısının adlarını deyə bilərəm.

– Bəlkə də yeri deyil, amma soruşmaq istəyirəm: Xuraman Abbasova ilə bir qohumluğunuz var idi…

– Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, üç dəfə “Lenin” ordeni almış Xuraman Abbasova mənim bibim idi. O illərdə o çox fəal idi. Heç kəs deyə bilməz ki, mən Ağdam üçün ondan çox can yandırmışam, yaxud mərdlik göstərmişəm.

Şahın təklifindən imtina etdim

– Elbrus müəllim, peşəkar futbol karyeranıza harada başlamısınız?

– 1967-ci ildə Ağdamın “Qarabağ” klubunda. Yeri gəlmişkən, onu da deyim ki, o zaman bu komanda “Məhsul” adlanardı. Sonradan onun adı “Şəfəq”, daha sonra yenidən “Məhsul” oldu. İctimai-İaşə Birliyinin sədri Nadir İsmayılov himayə etdiyi dönəmdə isə bu komandaya “Kooperator” adını verdi. Mən1987-də bu komandada məşqçi kimi çalışanda ona “Qarabağ” adının verilməsi təşəbbüsü ilə çıxış etdim. Ancaq o dövrün rəhbərləri bu adı qəbul etmək istəmədilər. Və dedilər ki, Xankəndidə (o zaman Stepanakert deyirdilər) “Qarabağ” adlı komanda var. Buna rəğmən, çətinliklə də olsa, Ağdamın futbol klubuna “Qarabağ” adını qəbul elətdirə bildim. Mənə buna görə tənə edənlər də oldular, hətta incitdilər də…

– Daha sonra hansı klublarda çıxış etmisiniz?

– 1970-cı ildə məni Gəncənin “Dinamo Kirovabad” komandasına götürdülər. Həmin komandanın heyətində Müzəffər Qasımov, Nizami Salahov, Nurəddin Əliyev, Yusif Məhərəmov kimi tanınmış və təcrübəli futbolçularla birgə meydana çıxdım. İlk oyunum isə “Dinamo Kirovabad”la Stavrapolun “Dinamo” qarşılaşması oldu. Həmin oyunda rəqib komandasının qapısına 2 qol vuraraq komandamıza qələbə qazandırdım. Elə bu oyundan sonra daha çox tanınmağa başladım. Bu komandada iki il çıxış etdim. 1976-80-cı illərdə isə “Neftçi” nin tərkibində oynadım. Əgər səhv etmirəmsə, “Neftçi”də ilk oyunu Kutaisinin “Torpedo”suna qarşı oynamışam, özü də Bakıda. (1976-cı ildə təkcə bir mövsümdə 28 top vurduğuma görə “SSRİ-nin məhsuldar hücumçusu” adına layiq görülmüşəm. Mən bu komandanın tərkibində iki dəfə “SSRİ idman ustası” adını qazanmışam). Ümumiyyətlə, futbol karyeramda 300-ə yaxın qol vurmuşam.

– Sizə elə gəlmirmi futbol karyeranızı tez bitirmisiniz?

– Bu mənim ciddi zədə almağımla bağlı olub. 1979-cu ildə “Şaxtyor”la oyunda rəqibin müdafiəçisi Varnavski ayağımı elə zədələdi ki… Hətta zədəm o qədər ağır oldu ki, məni Donetskdən Bakıya gətirə bilmədilər. Bir həftə orada qaldım. Ayağıma 17-18 tikiş vurdular. İki il öncə də bir zədə almışdım.

– Bəs sonra?

– Təbii ki, mən futboldan kənarda qala bilməzdim.1981-ci ildə ölkə çempionatında çıxış edən Buzovnanın “Gənclik” komandasında məşqçi kimi fəliyyətimi davam etdirdim. Bu komandada çalışdığım dövrdə 5 dəfə ölkə çempionu, 5 dəfə ölkə kubokunu qazanmışıq. 1987-ci ildə məlum Qarabağ hadisələri məni döğma yurdum olan Ağdama apardı. Günlərin bir günü “Kooperator”la Sabirabadın “İnşaatçı” komandasını oyununu izlədim. Həmin oyunda Ağdam təmsilçisi 1:2 hesabı ilə uduzdu. Bu mənə çox pis təsir etdi. Səhər tezdən Sadıq Murtuzayevin yanına getdim. Vəziyyəti ona izah etdim. O elə həmin gün özü stadiona gələrək komandanı təsərrüfat rəhbərlərinə tapşırdı. Ondan sonra komanda formalaşdı. O göstərişdən sonra stadion da təmir olundu. Beləcə “Qarabağ” komandasını yenidən yaratdım. Komandaya təcrübəli futbolçulları, o cümlədən Rəşid Özbəyovu da, Ağasəlim Mircavadovu da dəvət etdim. 1988-ci ildə komandamız ölkə çempionuna, eləcə də ölkə kubokuna sahib çıxdı. Onu da deyim ki, o illərdə Avropadan elə ilk xalı da respublikaya mənim rəhbərliyim altında fəaliyyət göstərən “Qarabağ” komandası gətirib. Mən 2000-ci ilə qədər bu komandanın baş məşqiçisi olmuşam.

– O vaxt hansısa xarici ölkənin maraq dairəsində olmusunuz?

– Bizim “Neftçi” o illərdə İranda daha çox olardı. O zaman bu ölkənin ən yaxşı komandası şahın komandası kimi tanınan “Tac” idi. Onu da deyim ki, İran şahı, demək olar ki, bu komanda ilə olan bütün oyunlarımızı stadiondan izləyərdi. Mən də hər oyunda 2-3 qol vurardım. Bir axşam bizim heyətə İran tərəfdən təhkim olunmuş bir nəfər – ağayi Hüseyn deyirdilər ona – bizim otağa gəldi (Səməd Qurbanov, Rafiq Əlizadə, mən bir otaqda qalardıq). Mənə dedi ki, ay ağayi Abbasov, şah sənə 125 milyon tümən təklif edir, gəl bizim komandada oyna. Dedim, baba, nə danşırsınız? Mənim vətənimda atam-anam var, onlarsız darıxaram. Dedi, yaxşı fikirləş, bu, böyük məbləğdir, bu pulla burada padşah kimi yaşayarsan. Dedim, onu edə bilmərəm. Bu söhbətdən heç 10 dəqiqə keçməmiş məni çağırıb dedilər ki, (o zaman belə səfərlərə komanda ilə birgə xüsusi təyinatlı şəxslər də çıxırdılar) sən nə etmək istəyirsən? Buradamı qalmaq istəyirsən? Dedim, yox, mənə dünyanı da versələr, burada qala bilmərəm.

“Bax, onda topdan

üzr istəmişəm”

– Elbrus müəllim, bu suallarıma olduqca qısa cavab verməyinizi xahiş edirəm. Futbolçu olmasaydınız, kim oladınız?

– Elə futbolçu.

– Uşaq ikən məhəllədə futbol oynayarkən çox pəncərə şüşəsi qırmısınız?

– O qədər… Amma bir onu bilirəm ki, məhəllədə mənim zərbələrimə tuş gəlməyən qapı-pəncərə qalmamışdı.

– Ən çox sevdiyiniz nömrə?

– 9. Bu nömrə ilə çıxış edərdim. Amma Banişevski meydançada olanda 9 nömrəni geyinməmişəm.

– Sizi məhəllədən stadiona kim aparıb?

– Adil Nadirov…

– Darıxandan hara üz tutursunuz?

– Soltanbud təpəsindəki “Bayraq meydanı”na… Və oradan erməni tapdağı altında olan ərazilərimizi durbinlə seyr edirəm. Əgər buna seyr demək mümkünsə…. Özü də ürək ağrısı ilə… Bilmirəm, bilirsiniz, ya yox, elə yaşayış massivlərimiz var ki, erməni səngərlərinin, demək olar ki, 50-60 mertliyindədir. Vallah, Çıraqlı kəndində ermənilərin danışdıqları açıq-aydın eşidilir.

– Öz odunuza qənaət edirsinizmi?

– Edirəm ki, işğal altında olan ərazilərimiz azad olunan kimi o yerlərdə bir iş görə bilim.

– Azarkeşlik etdiyiniz komanda?

– “Qarabağ” və “Neftçi”yə…

– Oyununa maraq göstərdiyiniz oyunçu?

– Rəşad Sadıqov…

– Ona hansı məsləhətlər verərdiniz?

– Vaxtında məsləhətlər vermişəm.

– Ən çox sevdiyiniz müğənni?

– Səxavət Məmmədov, Vahid Abdullayev…

– Sənətçi dostlarınız olub?

– Çox. Onlardan biri Rəmiş olub. Qədir Rüstəmov da yaxın dostum olub. Qədir dedim, onunla bağlı bir hadisə yadıma düşdü. SSRİ-nin baş prokuroru Rekenkov öz işində həmişə fərqləndiyinə görə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışan mənim yeznəm Nurəddin Orucova (Allah rəhmət eləsin) bir tüfəng bağışlamışdı. Özü də demişdi ki, həmin tüfəngdən cəmi 50 ədəd istehsal olunub. Qədir də həm balıq tutmağa, həm də ovçuluğa meyilli idi axı. O bir gün tüfəngi bizdə görəndə dedi ki, onu mənə verin. Dedim, nə istəyirsən verim, amma onu yox da… Dedi, yox e… Mən də onu qırmadım, verdim.

– Son illər hansı kitabı mütaliə etmisiniz?

– Mən şeir həvəskarıyam… Rəşad Məcidə daha çox müraciət edirəm.

– İndiyədək kimləri topa tutmusunuz?

– Heç kimi… Mən mülayim adamam. Amma sözgötürən deyiləm.

– Hansı komandanın qapısına qol vurmadığınıza görə təəssüflənmisiniz?

– Mən demək olar ki, o zamankı bütün komandaların qapılarına qol vurmuşam…

– Top sizin üçün nədir?

– Mən nə əldə etmişəmsə onun dalınca qaçmaqla qazanmışam… Bu mənada ona mənə həyat verən cismani bir qüvvə kimi baxıram.

– Heç topdan üzr istəmisiniz?

– “Dinamo” ilə oynayanda 2-3 metrdən qol vura bilməmişəm. Bax, onda topdan üzr istəmişəm. İnandırım sizi, bəlkə sonradan min dəfə həmin nöqtədən vursa idim, qol olardı. Amma elə momentlər də olub ki, heç gözləmədiyim halda 35-40 metrdən rəqib qapısına yol tapmışam. Hə, sizə bir sirr açım. Respublika stadionundakı meydanda mənim “toçka”larım var idi. “Toçka” nə deməkdir? Stadion biçiləndən sonra bəzi yerlər bir balaca dik qalardı. Mən onlara “toçka” deyirdim. O toçkaların üstünə topu qoyub cərimə zərbəsləri vurardım. Top yerdən bir az yuxarıda qaldığına görə zərbələr yaxşı alınırdı. Demək olar ki, hamısı da qol olardı.

– Hansı oyunçuların bizim komandalarda olmasını istərdiniz?

– Mənim istədiklərimi kim gətirə bilər ki?

– Ən böyük arzunuz?

– Bilirsinizmi mən Ağdamda niyə məskunlaşmışam? İstəyirəm ki, torpaqlarımız azad olunanda o ərazilərimizə keçən birincilərdən olum.

– Sizi tora salan olub?

– Mən heç zaman torluq olmamışam.

– Nəslinizdən futbolçu var?

– Oğlum Vüqar Abbasov bir müddət futbolla məşğul oldu. Amma sonradan ayrıldı…. 2 yaşlı nəvəm Elbrus isə topla yatıb, topla durur. Güman edirəm ki, ondan yaxşı futbolçu çıxacaq.

– Son illər AFFA-da müxtəlif komitələr fəaliyyətə başlayıb. Lakin siz onların heç birində təmsil olunmursunuz…

– Bu sualı həmin o dediyiniz rəsmilərə ünvanlasanız, pis olmaz. Mən həmişə futbolumuza kömək etməyə hazıram.

Qvami Məhəbbətoğlu