“Eksperiment”

0
291

– “Eksperiment” sözü elmi təcrübə anlamını versə də, “başımızda dəlləklik öyrənir” mənasına daha çox uyğun gəlir. Ona görə biz fəxr edirik ki, Bərdə rayonunun cəbhəyanı Şahvəlilər kənd orta məktəbindəki eksperimental məktəbdə təhsil alırıq. Və yaxşı başa düşürük ki, “Azəriqaz”ın apardığı “elmi” təcrübələr yolunda qurban getsək, bizə bir abidə ucaldacaqlar. Bəri başdan həmin insanlara təşəkkürümüzü bildiririk. Amma bir xahişimiz var, həmin abidə “Azəriqaz”ın binasının qarşısında qoyulsun.
Bəli, bu qurumun nümayəndələri xeyli vaxtdır, daha doğrusu, beş ildir ki, biz şagirdlər üzərində səbir və dözümlülük sınağı aparırlar. İnsafən, təcrübə çox uğurla gedir. Hətta buna öz təəccüblərini gizlətməyənlər də peyda olublar. Bizdə olan məlumata görə, bu təcrübənin dünyanın bir sıra ölkələrinin məktəblərində tətbiqi də gözlənilir.
Bəli, məsələ bundadır ki, qazla işləyən istilik sisteminin olmasına baxmayaraq, o hələ də məktəbimizdən ikimetrlik məsafədən keçən qaz xəttinə qoşulmayıb. Bu qış günlərində ötən illərin təcrübəsi əsasında biz canımızı dişimizə tutub birtəhər dözürük. Allaha çox şükür ki, hələ sıramızdan ölüb-itim olmayıb. Güman edirik ki, bu qışı da yola salsaq, “eksperiment” istənilən nəticəni verəcək. Və məktəbimiz “Azəriqaz” tərəfindən “İlin ən dözümlü məktəbi” nominasiyasında qalib elan olunacaq. O günü səbirsizliklə gözləyirik.
Elə bilməyin ki, “Azəriqaz” bu məsələyə laqeyd yanaşıb; əsla yox, hətta deyərdik ki, çox canfəşanlıq edib; yəni bu problemin həllinə dəfələrlə cəhd göstərib. Hətta məktəbimizin qazlaşdırılması istiqamətində işlərin aparılmasına başlanıldığını da bəyan edib. Sonradan məlum olub ki, sən demə, sənədləşmə və digər texniki zəruri tədbirlərlə bağlı işlər sona çatdırılmayıb. Təbii ki, bütün bunlar görüntü yaratmaq, onların öz təbirincə desək, qaz vurub, qazan doldurmaqdan başqa bir şey deyilmiş.
Bu işlə məşğul olan əmilərə demək istəyirik ki, niyə ötür-ötür oyunu oynayırsınız? Lap tutalım ki, ortada sənəd-filan yoxdur. Axı niyə bir humanist addım atmaqla bu məsələni həll etmək istəmirsiniz? Axı buna sizin maddi imkanınız da var. Vallah, o gün müəllimimiz qazdan danışanda dedi ki, bəs bizim respublikamızın qaz tərəfdən bəxti gətirib, hətta əcnəbi ölkələrdəki, o cümlədən Gürcüstandakı dini məbədlərə, hətta erməni kilsələrinə pulsuz-parasız qaz verir ki, bununla da xalqımızın tolerantlığını bir daha əyani şəkildə nümayiş etdirir. Elə isə ay “Azəriqaz” bizim məktəbə qarşı niyə belə humanist addım atmırsınız? Olmaya, sizin lüğətinizdə “humanizm”, “mərhəmət” anlayışları yoxdur?
Məgər növbəti sifarişi gözləmədən, maddi maraqlarınızı “texniki şərt” kimi məktəb qarşısında qoymadan humanistlik göstərib, bir-iki təhsil ocağını qazlı qanadınızın altına ala bilməzsiniz? Bizim fikrimizcə, buna görə sizə gözünüzün üstündə qaşınız var deyən də olmaz. Bunun üçün SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi humanitar, xeyriyyəçilik aksiyalarından da ibrət almaq olar… Bayaq ərz etdik, belə bir örnək heç də uzaqda deyil.
Eşitdiyimizə görə, Ağdamın Çəmənli kəndindəki uşaq bağçasının uşaqları da bizim kimi qaz “həsrətindədirlər”. Vallah, onları düşünəndə canımızdan elə istilik keçir ki, məktəbdə üşüməyimiz belə yadımıza düşmür. Odur ki, ay “Azəriqaz”ın əməkdaşları – əmilər, dayılar, xalalar, bibilər, sizdən dönə-dönə xahiş edirik: biz məktəblilər bu vəziyyətə hələ bir neçə il də dözə bilərik; artıq buna öyrəşmişik. Barı, heç olmasa, o körpələrə rəhminiz gəlsin. Axı onlar yazıqdırlar? Heç olmasa, onlara əl tutun. Əl tutun ki, onlar da sizin ünvanınıza xoş sözlər desinlər.
Bir sözlə, ay əmilər, ay dayılar, daha səbrimiz tükənmək üzrədir. İstədik bununla bağlı ölkə başçısına bir məktub ünvanlayaq. Amma sizi belə bir şərəfə layiq bilmədik. Odur ki, elə sizə yazılı şəkildə müraciət etmək istədik. Hə, bir də belə bir qərara gəlmişik ki, bir eksperiment keçirək. Yoxlayaq, görək, neçə ildən sonra bizim dərdimizə əlac edən tapılacaq.
İmza: bir qrup məktəbli