“Saxta diplomlular lap 50 il də işləsələr, onlardan fayda yoxdur”

0
223

Bir neçə il əvvəl ölkə mətbuatını zəbt edən xəbərlərdən biri də universitetlərə qeyri-qanuni qəbulların baş alıb getməsi məsələsi idi. Bunu bəzən televiziyalarda, bəzən qəzetlərdə, bəzən də ətrafımızdakı insanlarda müşahidə edirdik. Həmin vaxtlar bəzi universitetlərə heç bir imtahan vermədən qəbul olan abituriyentlərin sayı heç də az deyildi. Universitetə qeyri-qanuni yolla daxil olub, imtahanları valideynlərinin hesabına pulla verən savadsız tələbələr təhsilimiz üçün ən böyük təhlükədir. Bu cür savadsız məzunlar gələcəkdə hansı sahədə işləyə biləcəklər? Cəmiyyətə nə kimi zərəri olacaq? sualları isə cavabsız qalırdı. Məsələn, savadsız bir müəllimin şagirdə nə kimi faydası ola bilər və ya savadsız bir həkimin? Bu, bir vaxtların ən aktual problemlərindən idi. Ancaq sonra təhsil sahəsində baş verən yeniliklər, inkişaflar bu kimi halları azaltdı. Ancaq həmin illərdə saxtakarlıqla universitetə daxil olub, məzun olan elə şəxslər var ki, indi də işləyir, savadsız nəsil yetişdirməkdə davam edirlər. Bəs görəsən bu kimi hallara nə vaxt son qoyulacaq?

“İşinə yalanla, fırıldaqçılıqla
başlayan bir müəllimdən nə
təlim-tərbiyə gözləmək olar?”
Bu kimi hallara daha çox özəl universitetlərdə rast gəlindiyini deyən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, bir neçə il bundan əvvəl bağlanan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) adı əsasən belə problemlərlə hallanırdı: “Deməli, həmin universitetə tələbə qəbulu əsasən bu cür olurdu: əvvəlcə, abituriyent Dağıstan və ya başqa xarici ölkələrdəki universitetlərə daxil edilirdi, sonra isə ikinci kursdan artıq ABU-ya köçürülürdü. Bu kimi saxtakarlıqla bir çox tələbə oxuyur, diplom alırdı. Ancaq bizdə imtahansız qəbul heç vaxt olmayıb. Bunu fərqli yollarla, hiyləgərliklə edirdilər. Nəinki Azərbaycanda, hətta Dağıstanda, Gürcüstanda və ya başqa yerdə də adları gedib, guya oxuyub diplom alanlar da var idi. Artıq belə şeylər yoxdur. 5, 6 il əvvəl universitetə qeyri-qanuni yolla qəbul olanlar hələ də diplomlarını ala bilməyiblər. 1990/91-ci illərdə orta məktəblərdə diplomu bazardan alıb gələn müəllimlər var idi ki, onlardan xeyli qismi hələ də işləyir. Ancaq bu, hüquqi baxımdan düzgün deyil. O vaxt belə qərara gəldilər ki, əgər hər kimsə 10 il müəyyən bir sahədə işləyibsə, təcrübəyə yiyələnibsə, onlar işləyə bilərlər. Məncə, bu, düzgün deyil. İşinə yalanla, fırıldaqçılıqla başlayan bir müəllimdən nə təlim-tərbiyə gözləmək olar? Cinayətlə işə başlamış bu insanlar məktəbdən uzaqlaşdırılmalıdırlar. Ancaq bununla bağlı hələ heç bir tərpəniş yoxdur”.

“10 ildən artıq iş təcrübəsi
olanlar işləyə bilər”
“10 il işləyibsə, müəyyən təcrübəyə yiyələnib. Artıq işləyə bilər” prinsipi həkimlərə də aid edilirdimi? sualına cavab verən Təhsil Şurasının sədri bunun bütün sahələrə şamil olunduğunu vurğuladı: “Təkcə ölkəmizdə deyil, hətta xaricdən də saxta diplom alıb gələnlər var ki, onlardan bəziləri hələ də işləyirlər. Onları işə götürənlər də elə saxtakarlıqla məşğul olanlardır. Bunu mətbuat da araşdırmalıdır, lazımi orqanlar da. Ancaq bu zaman ümumi fikrin deyil, faktların üzərində dayanmaq lazımdır. Hansı müəssisədə kimlər işləyir, kimlərin diploma yoxdur və ya işə necə gəliblər, onları həmin müəssisənin rəhbərliyi meydana çıxarmalıdır. Yuxarıdan onlara heç nə deyə bilmərik. Çünki bizə dəqiq məlumatlar lazımdır. Bu kimi problemləri aradan qaldırmaq üçün gərək layihə irəli sürülsün, plan hazırlansın ki, 1, 2 ilə bu məsələ həll olunsun. Bu, hökumətin, hökumət nümayəndələrinin işidir. Bu mənim kimilərin fikri, arzusu ilə və ya mətbuatın yazması ilə mümkün olan iş deyil. Hökumət istəsə, bu məsələni 2 ilə tamamilə həll edə bilər. Ancaq istəmir, yəqin ki ehtiyac duymur. Bir müddət əvvəl də həmin o qeyri-qanuni yolla universitetə daxil olub, məzun olanların diplomlarının ləğvi ilə bağlı bir məsələ qaldırılmışdı. Həmin vaxt xeyli insan işdən xaric edildi. Sonra həmin adamların sözükeçən müdafiəçiləri onları müdafiə etdilər. Nəticədə qərar qəbul edildi ki, 10 ildən artıq iş təcrübəsi olanlar işləyə bilərlər. Saxta diplomla işləyən şəxslər lap 50 il də işləsələr, onlardan fayda yoxdur. Saxtakarlıqla məşğul olan həmin şəxslər işdən atılmalıdırlar.

“Onlar bizim təhsil
səviyyəmizi aşağı salırlar”
Təhsil üzrə ekspert Nazim Əkbərov isə hesab edir ki, qeyri-qanuni yolla ali məkbətə daxil olub, xarici universitetlərdə oxuyub gələnlərin hansı standartlarda təhsil aldıqları bilinmir: “Bizim təhsil sisteminə uyğun olan, standartlarına bələd olduğumuz bəzi xarici universitetlər var ki, biz onları qəbul edirik. Ancaq bu gün elə şəxslər var ki, çox aşağı standartlara malik xarici universitetlərdə təhsil alıb işləyirlər. Onlar bizim təhsil səviyyəmizi aşağı salırlar. Buna görə də onların işləməsi doğru deyil. Mənim fikrimcə, onlar attestasiyadan keçməli və yenidən ixtisasartırmaya cəlb olunmalıdırlar. Ancaq buna əməl edənlərin sayı çox azdır. Çünki təcrübələr göstərir ki, insan bir yerdə çox işlədikdə sanki orada betonlaşır, kök salır. Arxayın olur ki, sabah məni heç kim yerimdən tərpədə bilməyəcək. Bu psixologiyanı beyninə yeridir və özünü inkişaf etdirməyə ehtiyac duymur. Ancaq hər bir şəxs daim öz üzərində işləməlidir”.

 

Nərmin Haqverdiyeva