“İnanıram ki, komandamız Kolumbiyaya vəsiqə əldə edəcək”

0
422

Xəbər verdiyimiz kimi, futzal üzrə DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. I səbətdə yer alan yığmamızın bəxtinə qrup ikincilərinin təşkil etdiyi digər səbətdən Hollandiya çıxıb. Pley-offun ilk matçını səfərdə keçirəcək (Bu oyun Almere şəhərində yerləşən “Topsportsentrum” idman qurğusunda təşkil olunacaq) komandamız martın 22-də ilk sınağına çıxacaq. Aprelin 12-də Bakıda baş tutacaq cavab oyununda isə Kolumbiyaya vəsiqənin sahibi bilinəcək.
Futzal üzrə yığmamızın və “Araz Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevin sözlərinə görə, komandamız yaxşı əhval-ruhiyyədədir, hamıda qələbəyə inam var: “İnanıram ki, indiyədək dünya çempionatının həlledici mərhələsinə yüksəlməyən yığmamız iki oyunun nəticəsinə görə bu səddi aşacaq və Kolumbiyaya vəsiqə əldə edəcək”. O həmçinin qeyd etdi ki,
rəqib orta səviyyəli komandadır: “Onlarla sonuncu dəfə 2007-ci ildə, Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışdıq. Həmin görüş 4:4 hesabı ilə nəticələnmişdi. Hazırda hollandlarla bağlı geniş məlumata malik deyilik. Ancaq baş məşqçimiz informasiya toplayacaq”.
O bizimlə söhbətində Serbiyada futzal üzrə keçirilmiş Avropa çempionatından da söz açdı. Bildirdi ki, komandamız Avropa çempionatının 1/4 final mərhələsində Rusiyaya məğlub olaraq, mübarizəni dayandırdı: “Bu matçda, həmçinin ondan əvvəlki oyunlarda da adi səhvlərimizdən rəqiblərimiz məharətlə yararlandılar. Bilirsinizmi, gərgin keçən oyunlarda səhvlər qaçılmazdır. Amma çalışmaq lazımdır ki, adi səhvlərə yol verilməsin”.
Debütant Qazaxıstan komandası ilə bağlı ünvanladığımız suala isə o belə cavab verdi: “Qazaxıstan komandasının üstünlüyünə gəldikdə isə… Bilmirəm, fikir verdiniz, ya yox. Onların qapıçısı sahə oyunçuları kimi daha fəal idi. Yəni o, lazım olan anlarda beşinci oyunçuya çevrilə bilirdi. Mənim fikrimcə, elə bu kimi səbəblərdən onların oyunları daha cəlbedici oldu və 3 yeri tuta bildi”.
Qeyd edək ki, Kolumbiyadakı dünya çempionatı sentyabrın 14-dən oktyabrın 2-dək davam edəcək.
Gülər Rəsul