Banişevskinin 70 illiyi meydanda qeyd olunur

0
441

“Bu gün dünya şöhrətli, “Şöhrət” ordenli Anatoli Banişevskinin 70 illiyinə həsr olunmuş ənənəvi turnirə start veriləcək. Turnir fevral ayının 23-nə kimi davam edəcək”. Bu barədə ümumittifaq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Futbol Veteranlar İttifaqının sədr müavini Rüstəm Rəhimov qəzetimizə məlumat verib. Onun sözlərinə görə, AFFA və Azərbaycan Futbol Veteranlar İttifaqının təşəbbüsü ilə keçiriləcək turnirdə Bakı şəhər kənd və qəsəbələrinin həvəskar futbolçularından ibarət 8 (”Binə” “Neftçi”, “Ələt”, “Gənclik” İK, “Sabunçu” FK, “Atəşgah” (Yeni Suraxanı), “Binə Xəzər”, “Qobustan” (Qaradağ) komanda mübarizə aparacaq. Oyunlar Mərdəkanın “Dalğa” stadionunda təşkil olunacaq. O həmçinin bildirib ki, qrupların qalibləri Anatolu Banişevskinin doğum günündə, yəni fevralın 23-də finalda oynayacaqlar, qrupda ikinci yeri tutan komandalar eyni tarixdə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Rüstəm Rəhimovun sözlərinə görə, həmin gün turnir iştirakçıları II Fəxri Xiyabanda Anatoli Banişevskinin məzarını da ziyarət edəcəklər.
Xatırladaq ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski peşəkar karyerası ərzində yalnız “Neftçi” komandasında çıxış edib.
SSRİ dövründə çoxsaylı təkliflər almış futbolçu komandasına sadiq qalaraq “Neftçi”ni tərk etməyib. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ milli komandasına cəlb edilib. Üstündən bir neçə ay keçəndən sonra SSRİ yığma komandasının tərkibində Braziliyaya cavab görüşünə gedib. Orada ilk qolu o vaxt bütün dünyanın tanıdığı Jilmarın qapısına məhz Banişevski vurub. 1966-cı il SSRİ yığmasının heyətində İngiltərədə keçirilən dünya çempionatında bürünc medal qazanıb, sonra yenə də 1966-cı ildə “Neftyanik”in heyətində bürünc medal qazanıb. Karyerasını başa vurduqdan sonra A.Banişevski 2 mövsüm “Neftçi” klubunun baş məşqçisi işləyib. 1984-88-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışarkən ağır xəstəliyə düçar olmuş Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib. Banişevski ölümündən bir il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub. 2 fevral 2007-ci il tarixində prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
Abdulla İsmayılov