Əliyar Ağayev: “Özünə hakim ola bilməyən hakim meydana, oyuna hakim ola bilməz”

0
252

Bizim hazırkı hakimlər korpusu, əsasən, cavan hakimlərdən ibarətdir. Onlardan biri də FİFA referisi, Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun idarə etmiş Əliyar Ağayevdir. Elə bugünkü həmsöhbətimiz də odur.

Qvami Məhəbbətoğlu
– Əliyar bəy, Azərbaycan hakimliyi tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oyun (Avstriya “Rapid”i ilə Belarus “Dinamo”su ilə) idarə etməklə idman aləmimizin ulduzuna çevrilmisiniz, yəni gündəmdəsiniz… Bu uğur başınızı gicəlləndirməyib ki…
– Bəri başdan deyim ki, bu, sadəcə, mənim hakimlik karyeramda növbəti bir nailiyyətdir. Bu uğura isə adi baxıram. Unutmayın ki, bizdə hakimlərdən söz düşəndə ilk olaraq daha sanballı oyunlar idarə etmiş Tofiq Bəhramov, Eldar Əzimzadə yada düşür. Onların idarə etdikləri uğurlarla müqayisədə mənim nailiyyətim, demək olar ki, çox cüzidir. Bu mənada belə bir oyunu idarə etməyimin bu qədər qabardılmasını istəməzdim. Bir də onu deyim ki, təkəbbürlük, özündənrazılıq, ümumiyyətlə, mənim xarakterimə yaddır (Buna görə Allahıma şükür edirəm). Yəni Əliyar həmin oyuna qədərki Əliyar olaraq qalır.
– Bu, yalnız Əliyar Ağayevin uğurudur, yoxsa Hakimlər Komitəsinin…
– Bu, hər şeydən əvvəl, Azərbaycan hakimliyinin, yetişməkdə olan yeni hakimlər nəslinin uğurudur.
– Digər FİFA referilərimizdən də bu cür uğurlar gözləyə bilərikmi?
– Hazırda məndən savayi iki FİFA referimiz (Rəhim Həsənov və Orxan Məmmədov) var. Onlar da üzərlərində yaxşı işləyirlər. Güman edirəm ki, bu cür oyunlara təyinat almağa yaxşı şansları var. Özü də bunun yaxın gələcəkdə baş verəcəyinə inanıram.
– Elə isə bundan sonrakı hədəfiniz nədən ibarətdi?
– Bu il əsas hədəfim ikinci kateqoriyadan birinci kateqoriyaya adlamaqdır. Güman edirəm ki, elə bu il bu arzum gerçəkləşəcək. Əgər bunu bacarsam, Çempionlar Liqasının qrup mərhələsinə təyinat ala biləcəyəm.
– Səhv etmirəmsə, bu gün türk dünyasının yalnız iki hakiminin – Cüneyt Çakır (Türkiyə) və Rövşən İrmatovun (Özbəkistan) sorağı dünyanın daha sanballı yarışlarından gəlir. Əliyar Ağayev onların sırasına nə vaxt düşə biləcək?
– Bu sualınıza belə cavab vermək istərdim. Bəzən məndən soruşurlar ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına təyinat almaq kimi hədəfiniz varmı? Təbii ki, var. Amma unutmayın ki, buna görə Avropanın elit kateqoriyalı hakimlərinin siyahısına düşmək vacibdir. Mənə elə gəlir ki, 2-3 ilə buna nail olmaq mümkündür.

“Hakimin həm də
xarakteri olmalıdır”
– Səhv etmirəmsə, baş hakim kimi debütünüz Premyer Liqanın “Xəzər Lənkəran”-”Turan” matçında olub… O oyunu necə xatırlayırsınız?
– Həmin matç 2009-cu ilin avqust ayında (onda mənim 22 yaşım var idi) keçirilib. 10 mindən çox azarkeşin izlədiyi həmin matçda mən “Xəzər- Lənkəran”ın (onda komandanın baş məşqçisi Ağasəlim Mircavadov idi) iki “qolunu” hesaba almadım (Həmin qolların birində oyundankənar vəziyyət var idi, digərində isə qola qədər kobudluq olmuşdu). Təbii ki, buna görə tribunalar coşdu. Verdiyim qərarlara yüz faiz əmin olduğuma görə, bu coşqu məni fikrimdən daşındıra bilmədi (Bir də yaxşı bilirdim ki, ilk addımı necə atacağamsa, elə də davam edəcək). Ona görə də həmin epizodların hər ikisində soyuqqanlı oldum. Onu da deyim ki, qollu bərabərliklə (1:1) başa çatan matçdan sonra oyunun gedişatı ilə bağlı fraqmentlər izləniləndə hər iki epizodda doğru qərarlar verdiyim bir daha təsdiqləndi. Hə, bir də həmin oyunun birinci hissəsində “Turan”ın oyunçusuna qırmızı kart göstərməyim də yaddaşıma həkk olunub.
– Qırmızı kartdan söz düşmüşkən. Deyəsən, kart göstərməyə çox meyillisiniz… Barənizdə bəzi faktları toplayarkən belə bir statistika diqqətimi cəlb etdi: 2014/2015 ci il mövsümünədək idarə etdiyiniz müxtəlif təyinatılı 98 oyunda 413 sarı, 19 qırmızı kart göstərmisiniz…
– Söylədiyiniz rəqəmlərin nə qədər doğru, səhih olduğunu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mən sarı və qırmızı kartlardan həmişə qanunlar çərçivəsində istifadə edirəm. Görünür, həmin oyunlarda qanun pozuntuları çox olub ki, o qədər sarı və ya qırmızı kart göstərmişəm.
– Bundan öncəki sualın cavabında bir ifadə işlətdiniz: ilk addımı necə atacaqsansa, elə də davam edəcək. Mən sizin bu ifadənizdən belə başa düşdüm ki, hakimin xarakteri olmalıdır.
– Bəli, bu və ya digər hakimin nəzəriyyəni yaxşı bilməsi, yaxud fiziki hazırlığının yüksək olması ilə iş bitmir. Hakimdə xarakter daha çox önəmlidir. Mənim fikrimcə, bu üç amil bir-birini tamamlayanda hakim əsil hakim olur. Hə, müşahidələrimə əsasən onu da deyim ki, bu keyfiyyətləri özündə cəmləşdirən futboldan gəlmiş hakimlər özlərini daha çox doğruldurlar.

“Əliyar Ağayev elə “Sabahın ulduzları”ndan çıxıb”
– Səhv etmirəmsə, hakim kimi ilk addımlarınızı “Sabahın ulduzları” çərçivəsində keçirilən oyunlarda atmısınız…
– Elədir. Yeri gəlmişkən, onu da vurğulayım ki, ölkəmizdə ilk dəfə 10-12 yaşlı uşaqlar arasında “Sabahın ulduzları” adlı çempionatın təşkili tanınmış jurnalist, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadənin (bu ilkə görə onu alqışlayıram) adı ilə bağldır. Hətta deyərdim ki, bu, həmin dövrdə gənc hakimlərin özlərini göstərmələri üçün ən ideal bir yarış idi. Mən, demək olar ki, düz üç il “Sabahın ulduzları”nın oyunlarını idarə etmişəm. Bu mənada deyərdim ki, Əliyar Ağayev elə “Sabahın ulduzları”ndan çıxıb. Fikrimcə, həmin çempionat perspektivli futbolçuların da aşkara çıxarılmasında mühüm rol oynayıb.
– İndiyədək idarə etdiyiniz bu və ya digər oyunda özünüzə bağışlaya bilmədiyiniz səhvə yol vermisiniz?
– 3 il bundan əvvəl Azərbaycan kubokunun finalında “Neftçi” ilə “Xəzər Lənkəran” klubu qarşılaşdı. “Böyük oyun” adlanan bu qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə nəticələndi – 0:0 (Penaltilər seriyasında isə “Neftçi” 5:3 hesabı ilə qalib gələrək, Azərbaycan kubokunu başı üzərinə qaldırdı). Sözüm bunda yox. Sözüm onda ki, penaltilər seriyasında “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin “Xəzər Lənkəran”ın 11 metrlik zərbələri vurmağa yaxınlaşan oyunçularına psixoloji təzyiq göstərməsi, onlara söz atması mənim nəzərimdən qaçdı. Məncə, elə buna görə də final oyunundan sonra stadionda qalmaqal baş verdi. Güman edirəm ki, əgər mən qapıçını o qeyri-idmani hərəkətlərinə görə sarı kartla cəzalandırsaydım, stadionda xoşagəlməz olay yaşanmazdı.
– Bu söhbət məndə belə bir sualda doğurdu. Ümumiyyətlə, bizdə simulyasiyaya meyilli futbolçular kimlərdir?
– Belə oyunçularımız var… Amma ad çəkmək istəməzdim. Sizə bir söz deyim: belə oyunçulara hər bir komandada rast gəlmək mümkündür. Amma mən hər idarə edəcəyim oyundan əvvəl hər iki komandanın oyunçularını analiz edir, bununla bağlı öz hakim heyətimə də məlumat verirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, hər birpeşəkar hakim idarə edəcəyi komandaların oyuncuları ilə qiyabi tanış olmalıdır. Əks halda, o, oyunu idarə edərkən müəyyən problemlərlə qarşılaşa bilər.
– Sizinlə birgə oyuna çıxanhakimlər heyətindən razısınız?
– Mən Abdullayev Munis, Mehman Mahmudovla birgə çalışmışam. Üç ilə yaxındır ki, ZeynalZeynalov, Rza Məmmədovla birgə meydanlara çıxıram.
– Əliyarbəy, bir var, yan xətt hakimi, bir də bas hakim… Baş hakim olmaq üçün “yanda” çox qalmaq lazımdır?
– Sualınızda bir ironiya hiss olunur. Buna rəğmən bildirim ki, oyunlarda əsas söz sahibi baş hakimlər olsalar da, bəzi situasiyalarda (məsələn, oyundankənar vəziyyətin olub-olması) onların sözü keçərli olur. Belə deyim də, bəzilərinə elə gəlir ki, laynsmanın işi yalnız topun yan xətdən çıxıb-çıxmamasını, onun oyuna necə daxil edilməsini və oyundan kənar vəziyyəti qeyd eləməkdir. Amma son illərin sürətli futbolu göstərir ki, yan xətt hakimi hakimlik etdiyi trayektoriyada baş verən bütün epizodlarda baş hakimə kömək etməlidir. Bu mənada yan xətt hakimlərinin işi baş hakimlərin işindən daha çətindir. Bunu mən öz təcrübəmə əsasən deyirəm.

Tənqid hədəfində…
– Ugurlarınıza baxmayaraq, siz həm də tənqidlərə tuş gəlirsiniz. Məsələn, əvvəllər Premyer Liqada hakimlik etmiş Elçin Məmmədov haqqınızda deyib: “Əliyar Ağayeva gəlincə, o, mətbuat üçün güclü hakim ola bilər, mənim üçün yox”. Səbəbini də belə izah edib: “Onun səhvləri çoxdur. Əliyar tələbəm olub. Mən bütün tələbələrimi tənqid edirəm. Bu gün onun idarə etdiyi oyunları tərifləyə bilmərəm. Kimlər onu tərifləyirsə, düz etmir. Siz onu tərifləyə bilərsiz, amma mən tərifləmərəm. Hakim kimi onun səhvlərini yaxşı görürəm”. Bu açıqlama ilə bağlı nə deyə bilərsiniz?
– Mən hakimliyə ilk addımı Rüstəm Rəhimovla atmışam (Yenə deyirəm, təbii ki, ilk addımdan çox şey asılıdır). Elçin Məmmədovun, eləcə də Ceyhun Haşımovun dərslərinə (fiziki hazırlıq, praktik məşqlər) də qatılmışam. Bunu dana bilmərəm. Amma hazırki vəziyyətimə gəlib çıxmağımda Xaqani Məmmədovun böyük əməyi vardır. O ki qaldı onun mənim haqqımda dediklərinə… Bu, onun öz fikridir. Mən hər bir kəsin fikrinə hörmətlə yanaşıram. Amma bircə onu deyə bilərəm ki, qoy Elçin müəllim səhvi olmayan bir hakim göstərsin.
– Əliyar bəy, amma etiraf edək ki, sizin yerli çempionatda idarə etdiyiniz oyunlarda səhvlərinizin olduğunu deyən digər şəxslər də var…
– Nə gizlədim, hərdən düzgün iradlar olur. Belə iradları hər bir hakim qəbul etmək zorundadır. Amma əksər qalmaqallar yersiz olur. Bəzən iddia edirlər ki, hakim filan epizodda səhvə yol verib. Özü də belə iddialarla, bir qayda olaraq, uduzan komandaların nümayəndələri çıxış edirlər. Təbii ki, bu da başadüşüləndir, yəni onlar, əgər belə demək mümkünsə, maraqlı tərəfdir. Onu da deyim ki, hakimlərlə bağlı belə hallara dünyanın hər yerində rast gəlinir. Bu elə bil futbolun boynuna biçilib. Belə iradlara görə heç bir hakimin inciməyə haqqı yoxdur.
– Bəzən sifarişçi hakim kimi də adınızı hallandırmağa cəhd edirlər…
– Bütün bunlar boş söhbətlərdən başqa bir şey deyil. Ümumiyyətlə, bizim aramızda sifarişlə işləyən hakim yoxdur. Beləsi olacaqsa da, o bizim aramızda olmayacaq.

“Futbol aləmində olmaq istəyi məndə güclü idi”
– Əliyar bəy, hakimlik arzunuz olub?
– Hələ məktəb illərindən futbolçu olmaq istəyirdim. Bu da səbəbsiz deyildi. Belə ki, atam hakim olduğundan evimizdə futbolla bağlı söhbətlər üstünlük təşkil edirdi. Təbii ki, məhz bu kimi amillər məni bu sahəyə cəlb etdi. Odur ki, hələ orta məktəbdə oxuyarkən idmanla da məşğul olmağa qərar verdim. Daha sonra isə “Neftqaz” futbol klubunun müəyyən yaş qruplarının tərkiblərində meydana çıxdım. Amma oyunların birində zədələndim, elə bu səbəbdən uzun müddət futboldan aralanmalı oldum. Zədəm sağalandan sonra isə futbola qayıtmağı məqbul saymadım. Beləcə, futbolçu kimi öz sözümü demədən futboldan ayrıldım. Lakin futbol aləmində olmaq istəyi məndə güclü idi, odur ki, hakimliyə meyil saldım. Hərdən mənə elə gəlir ki, hakimliyi seçməyimdə xarici ölkələri gəzmək marağım da müəyyən rol oynayıb.
– Yəqin ki, bu seçimdə hazırda AFFA-nın Hakim-İnspektorlar Komitəsində hakim-inspektor kimi çalışan atanız Kərim Ağayevin müəyyən rolu olub?
– Haqqımda yazılar yazılanda belə mülahizələr irəli sürülür. Birmənalı şəkildə deyirəm ki, atamın istəyi ilə bu sahəni seçməmişəm: hakimliyə gəlişim öz istəyimlə gerçəkləşib. Atam da istəyimə qarşı çıxmayıb, bu işdə mənə xeyir-dua verib. Bir də sirr deyil ki, əksər hallarda müəllim ailəsindən müəllim, həkim ailəsindən həkim… çıxır. Elə məsələyə bu aspektdən də yanaşsaq, burada qeyri-adi nəsə axtarmaq absurddur. Onu da deyim ki, atam beynəlxalq dərəcəli yan xətt hakimi olub. Vaxtilə hazırda AFFA Hakimlər Komitəsinə rəhbərlik edən Xaqani Məmmədovla birgə oyunlara təyinat alıb.
– Amma etiraf edək ki, haqqınızda “atasının hesabına irəli gedir” deyənlər də var…
– Bilirsinizmi, hakim kimi formalaşmağımda atamın əməyi danılmazdır. O, mənim ilk tənqidçim olub. Matçlardan sonra evdə onunla bəzi epizodları müzakirə edir, məsləhətlər alıram. Məhz onun sayəsində mən ildən-ilə püxtələşmişəm. Bu, inkarolunmazdır. O ki qaldı ata hesabına irəli getməyimə… Bu olduqca yanlış bir fikirdir.
– Elə isə kumiriniz atanız olub?
– Bu məsələdə atamın, eləcə də konkret hansısa hakimin adını çəkə bilmərəm. Çünki mən hər hakimdən oyunda istifadə etmək üçün nəsə yaxşı şey götürməyə çalışmışam.
– Elə oyun olub ki, idarə etməkdən çəkinmisiniz?
– Xeyr… Hər verilən təyinata hörmətlə yanaşıram.

“Mənə elə gəlir ki…”
– Həyatda sizə sarı, yaxud qırmızı kart göstərən olub?
– Bu suala cavab vermək üçün bir qədər fikirləşmək lazımdır…
– Bəs həyatda yan xətt hakimləriniz kimlərdir?
– Mənə görə dostlarım… Bilirsinizmi niyə? Çünki istər hər oyundan əvvəl, yaxud sonra, eləcə də bu və ya digər məsələlərdə onlar mənə həmişə dəstək olurlar. Elə mənə hərdən sarı, hərdən də qırmızı kart göstərənlər onlar olurlar… (gülə-gülə) Deyəsən, bundan öncəki sualınızın da cavabını verdim axı…
– Bəs baş hakiminiz?
– Baş hakimim valideynlərim.
– Həyatda kimlərə sarı, yaxud qırmızı kart göstərmək istərdiniz?
– Bəli, cəmiyyətdə bir çox rastlaşdığım hallarda sarı və ya qırmızı kart göstərmək istəmişəm. Amma elə hallar olur ki, bizim səlahiyyətimiz çatmır, onlara hətta sarı vərəqə göstərməyə.
– Həyatda haqsızlıqlarla qarşılaşmısınız?
– Olub, hətta bir neçə dəfə. Amma həmişə çalışmışam ki, belə hallarda səbirli olub. Düzdür, nəticəsi yaxşı olmasa da, amma hər bir halda haqqımı tələb eləmişəm.
– Bəzən bu və ya digər məsələnin araşdırılmasında “penaltilər seriyasına” ehtiyacınız olub?
– Hələ ki yox. İndiyəcən belə məsələlər yalnız əsas vaxtda həll olunub.
– Hərdən bu və ya digər haqsızlıqla üzləşəndə könlünüzdən fit çalmaq keçmir?
-Əlbəttə, keçib. Təəssüflər olsun ki, meydandaki fitlə həyatdaki fit arasında fərq olub. Meydanda fit çalarkən hamı dayandığı halda, həyatda hamı dayanmır…
– Adətən, qol qeydə alınanda futbol şərhçiləri deyirlər: “Hakim mərkəzi göstərir”. Təbii ki, bu ifadə sizin idarə etdiyiniz oyunlarda da işlədilir: “Əliyar Ağayev mərkəzi göstərir”. İndiyədək neçə dəfə mərkəzə qaçmağınızı xatırlayırsınız?
– Əvvələr, demək olar ki, hamı qoldan sonra mərkəzə qaçırdı, müasir hakimlik sistemində isə belə hallara rast gəlinmir. Amma hər dəfə qoldan sonra Əliyar Ağayev mərkəzi göstərir.
– Sizin üçün özünüzə hakim olmaq çətindir, yoxsa oyuna?
– İnsanın özünə hakim olması daha çətindir. Mənə elə gəlir ki, özünə hakim ola bilməyən hakim meydana, oyuna hakim ola bilməz.
– Səhv etmirəmsə, hacısınız. Bu dinə inanc sizə haradan, kimdən gəlib?
– Bəli, müqəddəs torpağı mən də ziyarət eləmişəm. Çünki bu islamın 5 əsas sərtindən biridir. Amma adımın qabağında hər dəfə “Hacı” sözünün yazılmasının və yaxud müraciət olunmasının tərəfdarı deyiləm. Həmçinin sadəcə “Hacı” müraciətinə də fikrim belədir. Odur ki, məni tanıyanlara da demişəm ki, mənə elə “Əliyar” deyə müraciət edin. O ki, qaldı dini inanca. Mən elə müsəlman ailəsində doğulub, bu dinin mənsubları arasında böyümüşəm. Və Allahın qoyduğu qayda-qanuna və şərtlərə həmişə riayət etməyə çalışmışam.
– Son illər işinizlə bağlı Avropa ölkələrinə gedəndə nə daha çox diqqətinizi cəlb edir?
– Son illər Azərbaycanın dünya miqyasında daha çox tanınması. Sevinirəm ki, bu vacib işə “Qarabağ” və “Qəbələ”nin qrup mərhələlərindəki oyunları da öz töhfəsini verib. Ulu öndər Heydər Əliyev əbəs yerə demirdi ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. Bir sözlə, bu şəkildə Avropaya nə qədər çox çıxsaq, ölkəmizi bir o qədər çox təbliğ etmiş olarıq.
– Bəlkə söhbətimizə başınıza gəlmiş bir maraqlı əhvalatla yekunlaşdıraq?
– Avstriya “Rapid”i ilə Belarus “Dinamo”sunun oyunu ərəfəsində U-21-lərin iştirakı ilə keçiriləcək Azərbaycan-Rusiya oyununun hakimləri ilə birgə idim. Hakim həmkarlarımla nahar edərkən xidmət edən gənc ofisiant futbola olan marağını bizimlə bölüşməyə başladı. Söhbət əsnasında o dedi ki, bəs bu yaxınlarda bizim də Əliyar adlı bir hakimimiz avrokubokların qrup mərhələsində oyun idarə edəcək. Ofisiant bu məlumatdan sonra mənə üzünü tutub dedi: “Sizin Əliyar Ağayevlə tanışlığınız var?” Onu çox intizarda qoymadım. Dedim ki, qarşınızdakı elə Əliyar Ağayevdir. Ofisiant əvvəl təəccübləndi, az sonra dedi: “Görünür, qismətimdə belə bir hakimə qulluq etmək də varmış”.