Kitab çap etdirmək niyə bu qədər asandır?

0
503

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Bu sözü aforizm kimi kitabların birindən oxumuşam. Kitab oxumağın nə qədər əhəmiyyətli olduğunu kitab oxuyanlar daha yaxşı başa düşürlər. Mütaliə edən adamlar çox vaxt kitabdan ayrı qala bilmirlər. Nə qədər elektron kitablar çıxsa da kağız kitabın yerini doldura bilmir. Kitab oxuyanlar həm də son dövrlər ölkəmizdə nəşr olunan kitablardakı səhvləri görürlər. Sovet dövründən fərqli olaraq, indi istəyən hər kəs kitabını çap etdirə bilir. Kitab çıxarmaq niyə bu qədər asandır? Asan olduğuna görəmi kitablarımızın “kitabı bağlanıb”? Bu və digər suallarımıza cavab tapmaq üçün mütəxəssislərin fikirlərini öyrəndik.

“Özəl nəşriyyatlarda nə korrektor,
nə də redaktorlar var”
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bu problemin çox aktual olduğunu dedi. Onun sözlərinə görə, bu işə nəzarət komitəsi olmalıdır: “Ölkəmizdə mətbuata, nəşriyyata nəzarət qaldırılıb. Vaxtilə Mətbuat Komitəsi var idi. Bu komitənin Nəşriyyat İdarəsi var idi. Ümumiyyətlə, nəşrlərə həm təşkilati, həm də keyfiyyət baxımından nəzarət edilirdi. Digər tərəfdən də, Baş Ədəbiyyata Nəzarət İdarəsi (BƏNİ) var idi, bu, Milli Təhlükəsizlik Nazirliyinin orqanı idi. Amma nəşriyyatlarda otururdular. Mən kitablarımı hazır olandan sonra ora aparırdım, orada baxılırdı. Əgər uyğun deyildisə, geri qaytarırdılar, sahmana salınırdı, işlənirdi, daha sonra möhür vurulurdu ki, çap oluna bilər. Bu mərhələlər indi yoxdur. Amma nəşriyyatın özünün funksiyası və nəşriyyat olmaq qaydaları ki var, o qalır. Bu, nədən ibarətdir? Hər bir nəşriyyatın özünün redaksiyası olmalıdır. Burada elmi işlərə baxan, bədii tərcümələrə baxan, orijinal əsərlərə baxan, ümumiyyətlə, hər sahə üzrə redaktorlar olmalıdır. Həmçinin korrektorlar və texniki redaktorlar olmalıdır. Bugünkü gündə, xüsusən özəl nəşriyyatlarda nə korrektor, nə də redaktorlar var. Ona görə də olması vacib olan bu vəzifələr olmayanda və bunun üçün nəzarət təşkil olunmadığına görə bu cür keyfiyyətsiz kitablar çıxır”.
“Səhlənkarlıqlar yaxşı ilə
pisi bir-birinə qarışdırır”
Əjdər Ağayev başqa problemlərə də toxundu. Bildirdi ki, bəzi kitabları oxuyursan, baxırsan ki, sanballı, tanınmış müəllifin adı yazılıb. Amma redaktəsi çox pisdir: “Redaktorun adına baxıram ki, bu, tanınan adamdır, belə aşağı səviyyəli ola bilməz. Belə hallarda redaktorun adı yazılır, heç özünə verilmir ki, baxsın ki, bunun içində nə yazılıb. Belə səhlənkarlıqlar, məsuliyyətsizliklər səviyyəsiz kitabların meydana gəlməsinə, artıq kağızların işlənməsinə gətirib çıxarır. Bu da yaxşı ilə pisi bir-birinə qarışdırır. Kitab nədir? Onun içində nə olmalıdır? Bunu bilənlər öz yerində, amma bilməyənlər də var. Elə bilirlər ki, çap etdikləri də bir kitabdır. Hazırda bizdə belə bir qarmaqarışıqlıq hökmrandır”.

“Kitabların çap olunmasına
nəzarət edən qurum olmalıdır”
Təhsil Şurasının sədri təkliflərini də dilə gətirdi: “Necə ki, media ilə bağlı Mətbuat Şurası var, kitablarla bağlı da nəzarət mərkəzi yaradılsın. Lap qeyri-hökumət təşkilatı olsun. Dövlət onun layihələrinə pul versin. Orada mütəxəssislər yığışsınlar və kitablar bir-bir nəzarətdən keçirilərək çıxsın. Fikrimcə, belə bir quruma ehtiyac var. Əvvəllər kitab nəşr ediləndən sonra onun haqqında tənqidlər olurdu. İndi heç nə yoxdur. Biri digərinə 5 manat verir ki, təriflə. O birisi özü yazır, filankəsin adı ilə çap etdirir. Bunları da aradan qaldırmaq lazımdır. Bu məsələdə, ilk növbədə, nəşriyyatlar öz işlərini qurmalıdırlar. İkincisi, mətbuat, qəzet və jurnal və s. səviyyəsiz yazıları çap etməməlidirlər. Elə qəzetlər var ki, guya şeir adı ilə nə isə çap edir, halbuki şeir deyil. Nə qafiyəsi var, nə məzmunu var. Həqiqətən, belə bir problem bizdə var. Ona görə də nəzarət orqanı olmalıdır. Mətbuat həm də ideoloji sahədir. Bunun məsuliyyətini yaxşı dərk etmək lazımdır. Bəzən elə səhvlər görürük ki, baxırsan ki, müəllif havadan nəisə götürüb, heç bir elmi fakta söykənmir. Hətta tariximizi təhrif edir. Məsələn, bu yaxınlarda bir yazı oxudum, türkiyəli müəllif yazıb ki, guya indiki Azərbaycan, Türkiyə və İran hamısı Sibirdən gəlib. Bu səhvdir. Belə yazılarla biz qonşumuza deyirik ki, sən haqlısan. Ciddi fəsadları ola bilər. Nəticə olaraq təkliflər lazımdır ki, bu məsələlərə nəzarət qurumu yaradılsın. Həm də nəşriyyatlardan tələb etmək lazımdır ki, redaktoru zəhmət çəksin redaktə eləsin”.

“Əsər standartlara cavab vermirsə,
nəşriyyatlar onu qəbul etməməlidirlər”
Publisist, jurnalist Coşqun Eldaroğlu yazı yazan hər kəsin özünü yazıçı adlandırmasından gileyləndi: “Bizdə belədir ki, roman, povest yazan adamlar yazıçı sayılırlar. Bir kitabı çıxdısa, yazıçı olur. Amma Qərbdə başqa cürədir. Hətta ofisiant işləyən adam da kitab yazır. Bu, tendensiya var. Sadəcə olaraq, bir fərq var ki, bu adamlar özlərini yazıçı saymırlar. Bu cəmiyyətlərdə insana özünü realizə etmək şansı verilir. Bizdə belədir ki, yazdığı kitab halında çıxıbsa, bu, avtomatik yazıçı sayılır və yaxud yazıçı adına iddia edir. Qərbdə mexanizm başqa cürdür. Orada əsər yazılır, nəşriyyata təqdim edilir, nəşriyyat əsəri oxuyandan sonra onun haqda rəy bildirir. Bir növ nəşriyyat məsuliyyəti üzərinə götürür. Bizdə belə deyil. İstəyirlər ki, onların adı kitabın üstündə olsun, kitabları çıxsın. Və yaxud da desinlər ki, onun kitabı çıxıb. Onu kitabı çıxan, əhəmiyyətli adam kimi qəbul etsinlər. Ölkədə qalstuk taxmaq nə qədər əhəmiyyətlidirsə, kitabı olmaq da o qədər əhəmiyyətlidir. Əslində isə belə olmalı deyil. Nəşriyyat baxmalıdır, əsər ümumi standartlara cavab vermirsə, onu qəbul etməməlidir. Əsər ədəbi kriteriyalara cavab verməlidir. Həm də cəmiyyət bu kitabı nə dərəcədə qəbul edəcək. Xeyli keyfiyyətsiz şeirlər var ki, sonra biz onları kitab halında görürük. Bu belə olmamalıdır. Nəşriyyat hesab edir ki, pul verilirsə, mən də çap edirəm”.

“Kitab çıxaran adamlar
pul qazanmaq istəmirlər”
Avropa ilə ölkəmizi müqayisə edən mütaliə adamının sözlərinə görə, Şərqi Avropada insanlar əsasən özlərini realizə etmək üçün yazırlar: “O adam hansısa xidmət sahəsində çalışa bilər. Görünür ki, istedadı var. Mən Qərbdə çox adi adamların 50 min, 100 min, 200 min tirajla kitabının çıxdığını görmüşəm. Məsələn, fransız yazıçı kimi tanınan Federik Beqbeder reklam agentliyində işləyirdi. Yaxşı gəliri var idi. Bu yazarın ilk işi bu sferanı tənqid edən əsər olub. Reklamlar nə qədər fırıldaqdır, ancaq bu haqda yazıb. Və bu əsər bestseller olub, müəllifinə 1 milyondan çox pul qazandırıb. Yeri gəlmişkən, onun ədəbi kriteriyalara cavab verən əsər ortalığa çıxardığını bir oxucu kimi deyə bilərəm. Həm də Fransa cəmiyyəti, daha sonra dünya ədəbi ictimaiyyəti onu qəbul edib”.
Coşqun Eldaroğlu dedi ki, kitab çıxarsa, həm də ondan pul da qazanmaq istəyər: “Bunun qaydası budur. Sən böyük zəhmətlə əsər ortalığa çıxarırsan, pul qazanmalısan. Mexanizm belədir. Kitaba görə yazar pul xərcləməməlidir. Qərbdə belədir ki, nəşriyyat bütün bu xərcləri öz üzərinə götürür. Yazan adama ehtiyac olmalıdır, yazıçı qucağında kitab daşımamalıdır”.

“Aldığım kitabları növbəti
nəslə ötürə bilməyəcəyəm”
Kitab oxuyanların az olmasından danışan jurnalistin sözlərinə görə, kimliyindən asılı olmayaraq, çox müəlliflər oxunmur: “Ümumiyyətlə, oxucu azalıb. Kitab oxuyanların sayı azdır. Anarın özünün əsərlərini oxumurlar. Yazıçılar Birliyinin sədridir, onun kitabları 500, 1000 tirajla nəşr olunur. Əvvəllər az qala yarım milyon tirajla çıxırdı. Son çıxan kitablar həm ədəbi baxımdan, həm də kitabın nəşr keyfiyyəti baxımından çox aşağı səviyyədədir. Aldığım kitabları növbəti nəslə ötürə bilməyəcəyəm. Bu kitablar cırılıb gedəcək, üz qabığından bilinir ki, yaxşı deyil. Bundan əlavə, çox böyük, biabırçı səhvlərlə kitablar çap olunur. Şahbaz Xuduoğlu özü Sergey Doblatovun “Əcnəbi qadın” əsərini tərcümə edib. Nəşriyyat rəhbəri tərcümə etdiyi kitabda 20-dən çox yerdə “ispanlı” sözü yazıb. Bir ispan var, bir də ispaniyalı. Məsələn, biz deyirik göyçaylı, gəncəli. Adam bunu ispanlı edib. Daha sonra Markesin “Patriarxın payızı” əsərində “bayaqdannan” yazılıb. Burada bayaqdan olmalıdır. Xeyli səhvlər var. Bunlar yadıma düşənlərdir. Yekun olaraq deyim ki, kitab çıxarmağa çox qeyri-ciddi yanaşılır”.

“Kitab çıxaracaq adam
özü-özünə hesabat verməlidir”
Şair, tərcüməçi və esseist Səlim Babullaoğlu isə hesab edir ki, bu təkcə bizdə yox, dünyanın hər yerində belədir: “Kim istədi gedib kitab çıxarır. Əgər nəşriyyat varsa, mətbəə varsa, kapital varsa, kimsə yazı yazıbsa, kitab çap etdirə bilər. Təəssüf ki, bunun qarşısını alma mexanizmi yoxdur. Niyə kitab çıxarmaq bu qədər asandır? Bu sual daha çox mənəvi səciyyə daşıyır. Kitab çıxaracaq adam özü-özünə hesabat verməlidir, niyə kitab çıxarıram, mən nə yazıram, yazdığım, ümumiyyətlə, nə qədər doğrudur? Əlbəttə, doğru məsələsi də hansı parametrlərdən qiymətləndiriləcək, bunun özü də bir sualdır. Bu, insanın öz vicdanına qalır. Kitab dünyasını tənzimləyən nəşrlər olmalıdır. Məsələn, Türkiyədə bütün böyük nəşrlərin aylıq kitab əlavələri var. Burada çalışanlar – kitab rəyçiləri, tənqidçiləri yaxşı ədəbiyyatları, qiymətli kitabları sərf-nəzər edirlər. Onlar haqda rəylər yazırlar. Nəticədə tənqidçilər yaxşı, dəyərli kitabların alınmasına istiqamətverici təsir edirlər. Biz də bu yoxdur. Bu olarsa, mən hesab edirəm ki, məsələyə ciddi təsir edər. Digər tərəfdən, adətən, məsuliyyətsiz və savadsız adam o saat gedib kitab çıxartdırır. Bəlkə də “pis” kitabların çap olunması, yaxşı kitabların seçilməsi üçün fon yaradır. Amma bütövlükdə əlbəttə ki, yaxşı ilə pis kitab qarışır bir-birinə”.

Rasim Məmmədli