Bizə Məhəbbət Nazirliyi də lazımdır

0
427

Birləşmiş Ərəb Əmirliyində yeni nazirlik təsis olunub, Xoşbəxtlik nazirliyi. Bir xanımı da bu Nazirliyin başına təyin ediblər. Bu xəbəri oxuyanda istər-istəməz Eldar Ryazanovun məşhur “fleyta üçün unudulmuş melodiya” filmi yadıma düşdü. Orda da hadisələr təxminən nazirlik statusunda bir müəssisədə baş verir və müəssisənin adı, səhv eləmirəmsə, “Asudə vaxtın təşkili üzrə dövlət komitəsi” kimi bir şey idi. Özləri də hər cür cəfəngiyyatla məşğul idilər.

İndi də ərəb qardaşlarımız təzə bir nazirlik icad ediblər ki, xalqı xoşbəxt eləsinlər. Belə baxanda onların xoşbəxt olmaması üçün bir səbəb görünmür. Hazırkı dünya standartları ilə məsələyə baxanda BƏƏ vətəndaşı kimi dünyaya göz açmaq elə bəri başdan xoşbəxt olmaqdır. Görünür, yeni açılan bu nazirliyin gözəl-gözəl əməkdaşları da səhərdən axşama qədər milləti inandıracaqlar ki, sən xoşbəxtsən.

Son illərdə dünyada cürbəcür xəstəliklər yayılır və yəqin ki, bundan sonra da yeniləri meydana çıxacaq. Sərvət içində üzən müsəlman ölkələrinin birində bir dənə pensilin belə düzəldən olmur. Hamı oturub gözləyir ki, ya ingilis, ya fransız, ya alman bu dərdə bir dərman düzəldəcək, biz də içib düzələcəyik. Amerikada işləyən Əziz Sancar adlı bir türk alim amerikalı ortağı ilə nə düzəldibsə, Nobel mükafatı alıb və biz onu tərifləməyə söz, qoymağa yer tapmırıq. Düşünən beynimizi satmışıq, sonra da tarixdən İbn Sina, Farabi, Piri Rəis nağıllari düzəldirik. Bir vaxtlar ədəbiyyat dərsliklərində yazırdılar ki, Nizami Gəncəvi “İsgəndərnamə” əsərində Avropadan hələ 700 il əvvəl kommunizmin təməl prinsiplərini irəli sürüb. Uydurmaqda mahirik də. Avropa Marsda elmi-tədqiqat institutları açmaq haqqında düşünür, biz hələ də Əsli-Kərəm dastanı üzrə alimlər yetişdiririk.

Son dövrdə ölkəmizdə büdcəyə qənaət məqsədiylə bəzi dövlət orqanlarını birləşdirmək barədə təşəbbüslər eşidildi. Diqqət eləyəndə görürsən ki, bu qədər nazirliyin, komitələrin çoxu heç lazım deyilmiş, sadəcə, orada işləyənlərə iş yeri olsun deyə fəaliyyət göstərirlər. Balaca-balaca kəndləri ayırıb rayon eləyirlər, sonra da məsul vəzifələr paylanır. Hər kəs də bilir ki, vəzifəli varsa, rüşvət var, kimsə öz maaşı ilə dolanmır. Fövqəladə Hallar Nazirliyinin əmlakını hesablasan, avtomobillərini saysan, gözün kəllənə çıxar. Universitetlərimizdə multikulturalizm kafedraları var və multikultural alimlərimizin tələbələrə semestr ərzində hansı kitabdan hansı elmi öyrətdiyini anlaya bilmirsən.

Dünyada bir dənə də olsun, markamız yoxdur. Narın şirəsini doğru-düzgün sıxıb dünyaya sata bilmirik. Əlimizdə-ovcumuzda işlətdiyimiz alətlərin hamısı “gavur” dediklərimizin düşündükləri, düzəltdikləridir.

Bir vaxt Türkmənistanın siyasi partiyaları haqqında bir yazı oxumuşdum. Qəribə adları vardı: Namus, Qeyrət, Vicdan…

Rəhmətlik Məhmət Akif Ərsoy Avropa səfərindən dönəndə soruşurlar ki, ustad, nə gördün?

Cavab çox düşündürücüdür:

– Bir dinləri var ki, işimiz kimi. Bir işləri var ki, dinimiz kimi.

O sözdən yüz il keçib, amma hər şey olduğu kimi qalır.

Onsuz da Avropa bizim əvəzimizə hər şeyi düşünür, bir dərd çıxdımı, alimləri yığılıb bir əncam tapırlar. Deyilənə görə, Obama da öz alimlərinə tapşırıq verib ki, 2030-cu ilə qədər xərçəngə bir çarə tapsınlar.

Biz də başımızı salıb öz işimizi görək. Son zamanlar sevgi uğursuzluğu ucbatından cavan-qoca demədən hər gün neçə adamımız özünü öldürür. Məncə, FHN nəzdində belə bir qurum, ya da ayrıca Məhəbbət Nazirliyi düzəltməliyik ki, bu cür aşırı aşiqlərlə gündəlik iş aparsın. Universitetlərimizdə Leyli-Məcnun, Əsli-Kərəm, Tahir-Zöhrə məhəbbəti üzrə istədiyin qədər alimimiz var, hamısı da orden-medallı, adlı-sanlı. Yəni hələ bu istiqamətdə görməli işlərimiz çoxdur. Allah köməyimiz olsun! Başqa nə deyə bilərəm ki?!

Əli Çərkəzoğlu