“Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin bir hissəsi olaraq işğal altındakı ərazilər qaytarılmalıdır”

0
409

“Mən Konqresmen Şiffin etdiyi söhbətlərdən agah deyiləm və bu barədə şərh verə bilməyəcəyəm”.

Bunu APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta amerikalı konqresmen Adam Şiffin Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolu olması barədə açıqlamasını şərh edərkən deyib.

O, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması barədə etdiyi bəyanatı təkrarlayıb: “Münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək”.

Amerikalı ermənipərəst konqresmen Adam Şiff qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.

Qeyd edək ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.