“Matros”ların savaşı

0
334

Bəli, son günlər bəzi xalq artistləri öz savaşları, söyüşləri ilə gündəmi tamam zəbt ediblər. İndi, demək olar ki, hamı onlardan danışır. Bəri başdan ərz edim ki, həmin xalq artistləri ilə bağlı söz-söhbətin bu qədər geniş yayılmasında ən çox canfəşanlıq edən saytlar, sosial şəbəkələrdir (Qoy nə qədər cikkildəşirlərsə, cikkildəşsinlər də, daha onların səsini aləmə yaymağın nə mənası var?). Onlar bir-birlərinə qarşı elə təhqiramiz ifadələr işlədirlər ki, adam qalır yana-yana. Düşünürsən, əcəba, adlarının qarşısında “xalq” olan kəs də belə edərmi? Məsələn, artıq Xalq artisti İlhamə xanım “mən yemirəm, yedizdirirəm” ifadəsilə yaddaşlara hopub. Yəni daha bəziləri onu Xalq artisti kimi deyil, bu “məşhur kəlam”ın müəllifi kimi tanıyırlar. Mən hələ onun həmkarı Aygün xanımın açıqlamalarını demirəm. Bu fikri təkcə onlara şamil etmək də istəməzdim. Nədən ki, vaxtaşırı səviyyəsiz qalmaqallarla ad çıxaranlarımız o qədərdir ki… Fikrimcə, xalq artisti adını daşıyan hər bir kəs Azərbaycan xalqının milli dəyərlərini özündə qoruyub saxlamalıdır. Məni bir məsələ daha çox düşündürür? Görəsən bu cür təhqirləri, söyüşləri Mədəniyyət və Turizm Nazirliyimiz niyə belə sükutla qarşılayır? Yoxsa bu qurumun heç nədən xəbəri yoxdur? Niyə onlara fəxri ad verilməsində əsas funksiyanı yerinə yetirən bu qurum baş verənlərə belə laqeyddir? Niyə onları tənbeh etməyə, onlarla bir masa arxasına keçməyə cəhd etmir? Amma yox. Mən bu sətirləri yazanda iş yoldaşlarımdan biri dedi ki, bəs həmin qurumun rəsmiləri artıq öz mövqelərini ortaya qoyublar. Yəni Mədəniyyət və Turizm Nazirliyinin başbilənlərindən biri “Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz. O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə adlarına layiq olmalı, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-səda doğuracaq” – deyib.
Bu yerdə yadıma Hüseyn Seyidzadənin ötən əsrin 60-cı illərində çəkdiyi “Yenilməz batalyon” filmindəki bir epizod düşdü. Deməli belə, hacının qoz-fındıq dolu kisələrini arabalara yükləməyə başlayan matroslar az sonra işçilərin əməkhaqqına görə işdən imtina etdiklərini eşidəndə öz aralarında bir dava təşkil edirlər. Matrosları sakitləşdirə bilməyən hacı onların komandirinin yanına gəlib deyir:
– Ağa zabit, soldatlar indicə bir-birini öldürəcəklər, onlara acıqlanın.
Komandir də deyir:
– Cənab hacı, matroslar dalaşanda gərək yaxına gəlməyəsən… Mən bacarmaram. Məni xaşıla döndərərlər. darıxma, vuruşarlar, dalaşarlar, sonra yenə sakitləşərlər. Yükün yerdə qalmaz…
Hacı: “Bəs bu biabırçılıq nə vaxt qurtaracaq?” sualı ilə komandirə müraciət edəndə o: “Allah bilir nə vaxt” deyərək dalaşan matroslara tərəf baxıb laqeydcəsinə dillənir:
– Elə təzəcə başlayıblar ki…
Hacı da deyir:
– Burada var-yoxum əldən gedir, ağa zabit, siz isə mən boyda kişini məsxərəyə qoyursunuz…
Bununla həm də onu demək istəyirəm ki, doğrudan da, bizim xalq artistlərimizin savaşı matrosların savaşından əsla fərqlənmir. Görünür, nazirliyin həmin əməkdaşının bu epizoddan xəbəri var. Odur ki, o da elə həmin komandir kimi: “Darıxma, vuruşarlar, dalaşarlar, sonra yenə sakitləşərlər” deməklə kifayətlənib. Amma bir şeyi unudurlar ki, həmin matrosların adlarının qarşısında heç bir rəsmi titul yox idi. Amma bu dalaşanların adlarının qarşısında… İkincisi, nazirliyin başbiləni deyir ki, o insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə adlarına layiq olmalı, öz nüfuzlarını saxlamalıdırlar. Ay yoldaş, onlar bunu başa düşmürlər də… Axı belə olanda onlara yaxın getmək lazımdır da… Yoxsa bu xalq onların hələ qatı açılmamış çox sözünü eşidəcək. Xalqa yazığınız gəlsin. Fikrimcə, bu mövqe də xalqı məsxərəyə qoymaqdan başqa bir şey deyil.
Qvami Məhəbbətoglu