“İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq”

0
207

“Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: “İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur”.

İmtahanlarda köçürmə hallarına görə 112 nəzarətçi bazadan uzaqlaşdırılıb
“Bir il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 600 min nəfər imtahandan keçirilib”. Bunu TQDK sədri Məleykə Abbaszadə ötən gün zal nəzarətçiləri ilə görüşündə deyib.
O bildirib ki, 600 min nəfər buraxılış, qəbul, sınaq və digər imtahanlarda iştirak edənlərin ümumi sayıdır: “TQDK-nın keçirdiyi imtahanları idarə olunmasında informasiya-kommunikasiya texnologiyalardan istifadə olunur. Eyni zamanda, bizim keçirdiyimiz imtahanlarda ictimaiyyətin nümayəndələri də iştirak edirlər”.
TQDK sədri qeyd edib ki, 600-dan yuxarı bal toplayanlara xüsusi anketlər təqdim olunur: “Onlar imtahanda nələrin baş verdiyini həmin anketdə qeyd edirlər”.
M. Abbaszadə əlavə edib ki, ASAN könüllüləri bu prosesə cəlb olunacaq: “ASAN könüllü”ləri treninqdən keçdikdən sonra müəllimlərə kömək edəcəklər”.
Görüşdə bildirilib ki, hazırda TQDK-nın 15 minə yaxın nəzarətçisi var: “Hazırda təsdiq edilmiş qrafikə uyğun olaraq seminar məşğələlər paytaxtda və regionlarda keçirilir. TQDK-nın 1000-ə yaxın imtahan rəhbəri var. Onlar nəzarətçilərin fəaliyyətini yaxından izləyirlər. İlin yekunlarına görə, 766 müəllim yaxşı fəaliyyət göstərib. Onlardan 25-i fəxri fərmanla təltif olunub. Yaxşı müəllimlərin sayına görə Gəncə şəhəri, Binəqədi rayonu fərqlənir”.
Tədbirdə qeyd olunub ki, imtahanlarda köçürmə halları ildən-ilə azalır: “Əvvəllər köçürmə halları çox olurdu. Ötən il köçürmə halına görə 112 nəzarətçini bazadan müvəqqəti olaraq uzaqlaşdırmışıq”.
Sonda fərqlənən müəllimlər təltif olunublar.

Magistratura və rezidentura imtahanlarının vaxtı açıqlanıb
2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Məleykə Abbaszadə bildirib ki, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq: “İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək”.
M. Abbaszadə qeyd edib ki, ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.
TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib.
APA