Regionlarda ənənəvi iş yerləri canlandırılacaq

0
194

Neftin qiymətinin ucuzlaşması, devalvasiya və digər səbəblər Azərbaycanda islahatları zəruri etməklə yanaşı, sahibkarlığın inkişafında yeni yanaşmaları, ənənəvi iş yerlərinin bərpasını da gündəmə gətirib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət və hökumət rəsmiləri regionlarda görüşlər keçirir, unudulmuş kənd təsərrüfatı və sənaye sahələrinin bərpası istiqamətində görüləcək işlər dərindən təhlil edilir və yeni vəzifələr müəyyənləşdirilir. Belə görüşlərdən biri Baş Nazirin müavini Abid Şərifovun iştirakı ilə Şəkidə keçirilib. Abid Şərifov bildirib ki, Şəki hələ sovet dövründə kənd təsərrüfatının, sənayenin yüksək şəkildə inkişaf etdiyi şəhərlərdən biri olub. O, son illər unudulmuş kənd təsərrüfatı sahələrinin – baramaçılığın, tütünçülüyün bərpasının vacibliyini qeyd edib.

A. Şərifov yeni iş yerlərinin yaradılması ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, sahibkarlığın inkişafı ilə bağlı konkret addımların atılmasının vacib olduğunu bildirib. A. Şərifov eyni zamanda əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib, müzakirə olunan məsələlərlə bağlı təkliflərin qısa müddətdə hazırlanaraq təqdim edilməsini xahiş edib.

Vergilər naziri Fazil Məmmədov isə Şəmkirdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Nazir bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılacaq. Nazir yerli sahibkarlara müraciət edərək, onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə və yerli istehsala söykənən layihələrə sərmayə yatırmağa çağırıb. Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin sürətlə inkişaf etməsi üçün böyük potensial var. F. Məmmədov rayon ərazisində sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçiriləcəyini də vurğulayıb.

Prezidentin tapşırığına uyğun olaraq, Maliyyə naziri Samir Şərifov isə Gəncədə ictimaiyyət nümayəndələri ilə görüşüb. Nazir bildirib ki, Gəncənin tekstil sənayesinin inkişaf etdirilməsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir.

Maliyyə naziri Samir Şərifov Gəncədə ictimaiyyət nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Toplantını giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.

Maliyyə naziri Samir Şərifov şəhər ictimaiyyəti qarşısında çıxış edərək deyib ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir.

Samir Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir.

Toplantıda çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov və başqaları öz təkliflərini verdilər. Gəncənin iqtisadi potensialının, mədəni həyatının inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və digər məsələlərlə bağlı səslənən təkliflərin müvafiq qurumlar tərəfindən diqqətə alınacağı vurğulanıb.

Nazir müxtəlif sahələrlə bağlı görüş iştirakçıları tərəfindən səsləndirilən təklifləri müsbət qiymətləndirib. Gəncəlilərin ölkə iqtisadiyyatının inkişafı üçün öz səylərini əsirgəməyəcəklərinə, Azərbaycan iqtisadiyyatı qarşısında yeni çağırışların formalaşdığı bir zamanda gəncəlilərin öz işlərini yüksək templə davam etdirəcəklərinə, ölkə Prezidentinin ətrafında sıx birləşərək çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu bildirib.

Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri regionlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

1Vergilər naziri Fazil Məmmədov Şəmkirdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə-müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər. Nazir bildirib ki, iqtisadi inkişaf dinamikasının saxlanması yerli istehsalın dəstəklənməsi və sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi məqsədilə yeni iş yerlərinin yaradılması qarşıda duran mühüm məsələlərdəndir. Bu məqsədlə sahibkarlara dövlət dəstəyi artırılacaq. Nazir yerli sahibkarlara müraciət edərək, onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə və yerli istehsala söykənən layihələrə sərmayə yatırmağa çağırıb. Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin sürətlə inkişaf etməsi üçün böyük potensial var. Bundan başqa, rayon ərazisində sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçiriləcəyi vurğulanıb. Vergilər naziri Şəmkir rayonunun dövlət büdcəsindən aldığı dotasiyanın azaldılması istiqamətində müvafiq addımlar atılmasını vacib hesab edib. 2016-cı il üzrə rayon büdcəsi 39,66 milyon manat müəyyən edilib ki, onun da 10,75 milyon manatı yerli gəlirlərdən daxilolmalar hesabına formalaşır. Beləliklə, Şəmkir rayonu mərkəzləşdirilmiş şəkildə 28,3 milyon manat dotasiya alır. Qarşılıqlı diskussiya şəklində keçən görüşdə sahibkarlar kredit resurslarının ayrılması, fermerlərə texnika verilməsi, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılması kimi təkliflərlə çıxış edib. Səsləndirilən bütün müraciət və təkliflər aidiyyəti üzrə qeydiyyata alınıb.

Coşqun Mövlamov, Vüqar Nəbiyev