Rusiyanın ən güclü “daşınmaz əmlak kralları”

0
413

Ötən il Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub. Bu şirkətin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 115 milyon dollar təşkil edib. Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Tevropeyskiy” ticarət mərkəzi (109 min kvadrat metr), “Radisson Royal Ukraina” (oteldə 155 otaq var), “Sadovod” tivarət mərkəzi (145 min kvadart metr) və “Fud siti” kooperativindən (610 min kvadrat metr) əldə olunub. Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan Rusiyanın “Daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar. Rusiyanın “Daşınmaz əmlak kralları”nın siyahısında daha bir azərbaycanlı “Krokus” şirkətinin sahibi Araz Ağalarov yer alıb. Siyahıda 7-ci yerdə olan Araz Ağalarov ötən bir il ərzində daşınmaz əmlakın icarəsindən 365 milyon dollar pul qazanıb. 2014-cü illə müqayisədə Araz Ağalarovun gəliri 5 milyon dollar azalsada siyahıdakı mövqeyi 1 pillə irəliləyib. Qeyd edək ki, “Krokus” şirkətinin sahibi 2014-cü il üçün tərtib edilən Rusiyanın “Daşınmaz əmlak kralları”nın siyahısında 8-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka “Krokus Ekspo” (680 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (145 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 12 min kvadrat metrlik anbar sahəsi də var.

Böhran “əmlak kralları”nın da gəlirlərini azaldıb

“Daşınmaz əmlak kralları” adlı hesabatın maraqlı tərəflərindən biri də odur ki, ilk onluqda yer alam iş adamlarının yalnız biri milliyyətçə rusdur. Qeyd etdiyimiz kimi ilk sırada əslən azərbaycanlı olan 2 iş adamı yer alıb. İkinci sırada dünyanın aparıcı mebel şirkətlərində olan İKEA-nın 90 yaşlı sahibi İnqvar Kamprad qərarlaşıb. İsveç əsilli iş adamı 2015-ci ildə Rusiyada daşınmaz əmlakın icarəsindən 680 milyon dollar qazanıb. Son bir ildə, yəni 2015-ci il ərzində İnqvar Kampradın gəlirləri 110 milyon dollar azalıb. Onu da bildirək ki, İKEA-nın 90 yaşlı sahibi həm də dünyanın ən zəngin insanlarından hesab olunur. Onun təxminən 30 milyard dollara yaxın sərvətinin olduğu bildirilir. “Daşınmaz əmlak kralları”nın reytinqində 3-cü yerdə “Taşir” şirkətinin erməni əsilli sahibi Samvel Karapetyan dayanır. Samvelin daşınmaz əmlakdan əldə etdiyi bir illik gəlir 610 milyon dollar olub. İqtisadi böhran Karapetyanın da gəlirlərinə də təsir edib. 2014-cü illə müqayisədə ötən il “Taşir” şirkətinin gəlirləri nə az-nə çox düz 470 milyon dollar azalıb. Növbəti yerdə – 4-cü sırada inquş əsilli 3 iş adamı Mixail Şişxanov, Mikail Quçeriev və Sait-Salam Quçeriev gəlir. “Qruppa BİN” şirkətinə rəhbərlik edən bu iş adamları ötən il daşınmaz əmlakdan 430 milyon dollar qazanıblar. Onların da gəlirləri 2014-cü illə müqayisədə 185 milyon dollar azalıb. Növbəti sırada qərarlaşan Boris Minç və Aleksandr Nesisin sahibi olduqları “O1 Properties” şirkətinin daşınmaz əmlakdan əldə etdiyi gəlir 395 milyon dollar olub. Rusiyanın ən böyük 6-ci əmlak “kralı” Türkiyənin “Enka” şirkətinin sahibi Şarık Tara hesab olunur. Onun Rusiyada daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc isə 380 milyon dollar olub. 7-ci sırada isə qeyd etdiyimiz kimi həmyerlimiz Araz Ağalarov qərarlaşıb. 8-cı yerdə Belarus əsilli ata və oğul – Yuri və Aleksey Xotinlər yer alıblar. “Kompleks investisiyalar” şirkətinin sahibi olan bu iş adamlarının illik qazancları isə 325 milyon dollar olub və son bir ildə 5 milyon dollar artıb. Nəticədə ötən il gəlirlərini artıra bilən yeganə iş adamları bu ata və oğul olub. Belaruslu əmlak “krallarından” sonra siyahıda növəti – 9-ci yerdə kürd əsilli iki qardaş – Alixan və Amiran Muçoev qardaşları dayanır. “Qruppa regiona” şirkətinin sahibi olan bu qardaşlar 2015-ci ildə daşınmaz əmlakın icarəsindən 250 milyon dollar qazanıb. Məlumat üçün onu da qeyd edək ki, Alixan və Amiran Muçoev qardaşlarının atası Zelimxan Muçoev Rusiyanın ən varlı adamlarından hesab olunur. Tbilisidə anadan olan Zelimxan Muçoev hazırda Rusiya parlamentində “Vahid Rusiya” partiyasını təmsil edir. Rusiyanın “Daşınmaz əmlak kralları”nın ilk onluğunu Aleksandr Klyaçin tamamlayır. “KR Properties” şirkətinin sahibi olan Aleksandr Klyaçin 2015-ci ildə daçınmaz əmlak sahəsindən 245 milyon dollar qazanıb. Onu da bildirək ki, “Daşınmaz əmlak kralları”nın siyahısına dünyanın ən varlı insanlarından biri hesab olunan Roman Abramoviç də daxil olub. Siyahıda 15-ci sırada yer alan Abramoviç, ona məxsus olan “Millhouse” şirkəti vasitəsilə ötən il daşınmaz əmlakdan 165 milyon dollar gəlir əldə edib.

Allahverdi Cəfərov