Təhsilin yaşı yoxdur

0
427

Konstitusiyanın 42-ci maddəsinə əsasən, ölkəmizdə hər bir vətəndaşın təhsil almaq hüququ var. İstər qadın, istər kişi, heç bir fərqi yoxdur. Hazırda ölkəmizdə yaşından asılı olmayaraq, bir çox tələbə təhsil alır. Buna magistratura, doktorantura, dissertasiya təhsili də aiddir. Magistratura təhsili alanların əksəriyyəti gənclərdir.

Magistraturadan sonra elmi dərəcəsini artırmaq istəyənlər doktor, dissertant, professor və s. olmaq üçün çalışırlar. Ölkəmizdə təhsillə bağlı yaş həddi yoxdur. İnsan hər yaşda oxuyub, öyrənə bilər. Həzrəti-Muhamməd (s.a.v) də dediyi kimi: “Beşikdən məzara qədər elm öyrənin”. Bu yolda əziyyət çəkib, bəhrəsini görənlər arasında yaşlı və orta nəslin nümayəndələri də az deyil. Ölkəmizdə 50 yaşdan yuxarı da təhsil alanlar var. Bu mövzuda ətraflı məlumat almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əlaqə saxladıq. AMEA-nın Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin baş mütəxəssisi Elnarə Şəmsiyeva mövzu ilə bağlı 2013-2014-cü illər üzrə statistik rəqəmləri açıqladı: “2013-cü ildə respublika üzrə 50-70 yaşdan yuxarı 1151 nəfər elmlər doktoru, 3404 nəfər fəlsəfə doktoru adını alıb. Akademiya üzrə isə 2014-cü ildə 558 nəfər elmlər doktoru, 1965 nəfər fəlsəfə doktoru adını alıb. Respublika üzrə ali dərəcə almaq istəyən 50-70 yaşdan yuxarı kişilərin sayı 265 nəfər, qadınlar isə 63 nəfərdir. Hazırda doktorantlar arasında yaşlı nəslin nümayəndələri çox deyil. Alimliyi müdafiə edənlər arasında 30, 33 yaşlı şəxslər də var. Bu ilin yanvar ayının 8-i isə 2015-ci il üzrə doktorluq imtahanı keçirildi. Orada 50 yaşdan yuxarı cəmi iki nəfər imtahan verməyə gəlmişdi. Yəni yaşlı insanların bu mənada sayı barmaqla sayılacaq qədər azdır. Yaşı 50-dən çox olan dissertantlarımız da var, ancaq azdır. Adətən, elmlər doktoru üzrə yaş həddi yuxarı olur. Bu da təbii haldır. Fəlsəfə doktorluğu hazırlığı isə çox azdır”.

Qafqaz Universiteti doktorantura şöbəsinin müdiri Anar Rza isə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda universitetdə 68 dissertant və 30 doktorant təhsil alır: “İndiyə qədər təhsil alanlar içərisində ən yaşlı doktorantın 52, dissertantın isə 49 yaşı olub”.

“İnsanın içində araşdırma arzusu,

enerjisi olduqdan sonra

70 yaşında olsa belə fərq etməz”

Doktorantura təhsili alan yaşlı nəslin nümayəndələrindən biri də Qafqaz Universitetinin tədris hissə müdiri Hüseyn Özkandır. Müsahibimiz mövzu ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: “1961-ci il yanvarın 5-də anadan olmuşam. 22 ildir Azərbaycanda çalışıram. Bunun 12 ilini türk liseylərinin rəhbəri vəzifəsində, 10 ilini də Qafqaz Universitetində keçirmişəm. Tədris hissə müdiri işlədiyim zaman buradakı ab-havanı, elmi mühiti gördükdən sonra, mən də qərar verdim ki, təhsilimi davam etdirim. Mən ali təhsilimi 1980-ci ildə Türkiyədə Qazi Universitetində almışam. Həmin ildən sonra Türkiyədə dövlət məktəblərində müəllimlik və idarəçiliklə məşğul olmuşam. 1994-cü ildə Azərbaycana gəlmişəm. Universitetə gəlməmişdən əvvəl elmi dərəcə almaq kimi bir istəyim yox idi. Liseylərin o qədər çox işi var idi ki, elmi işlə məşğul olmaq mümkün deyildi. Bu işdə mənə ən çox dəstək verən Qafqaz Universitetinin rektoru prof. dr. Ahmet Saniç oldu. Yaşımın 50-dən çox olmasına baxmayaraq, onun təşviqi nəticəsində bu işə başladım. Bu işə həvəslə başladım, bunu çoxdan etməli idim. Gecikmişdim. Yaşım çox olduğu üçün elmi işi tez bir vaxtda bitirməyə çalışırdım. Bəzən gecələr universitetdə iş otağımda qalırdım. Buna görə də, elmi işimi tez bitirdim. Uzun müddət burada yaşadığım üçün Azərbaycan dilini yaxşı bilirəm. Buna görə də elmi işimi hazırlayarkən sözləri başa düşməkdə çətinlik çəkmədim. 2009-2012-ci illərdə magistratura təhsili almışam. Həmin il doktoranturaya başladım və 2015-ci ilin oktyabr ayında bitirdim. Ancaq elmi işimi davam etdirmək arzusundayam. Hər nə qədər yaşım çox olsa da, məzara qədər elm öyrənmək arzusundayam. Elmi işimin mövzusu Azərbaycanda çox sevilən şair Nazim Hikmət olmuşdu. İndi isə Hüseyn Cavid haqqında araşdırmalar aparıram. Ümumiyyətlə, Azərbaycanda elmi olaraq işlənəcək çox mövzu var. Bunun üçün yaxşı şərait də var. Bu imkanları dəyərləndirməyi çox istəyirəm. Türkiyədəki təhsil sistemi ilə buradakında fərq var. Mən indiyə qədər tanış olduğum bütün müəssisələrdə müəllimlərin tələbələrlə, onların təhsili ilə yaxından maraqlandığının şahidi olmuşam. Türkiyədəki universitetlər daha böyükdür. 40 min, 50 min, hətta ən böyük universitetlərdən biri olan İstanbul Universitetinin 150 mindən çox tələbəsi var. Ona görə də universitet tələbələrin hamısı ilə maraqlana bilmir. Buradakı universitetlərin Türkiyədəkinə nisbətən kiçik olması tələbələrlə maraqlanma, onların elmi potensialını artırmağa daha çox imkan yaradır. Mən də düşünürəm ki elmin, təhsilin yaşı yoxdur. İnsanın içində araşdırma arzusu, enerjisi olduqdan sonra 70 yaşında da olsa, fərqi yoxdur. Ancaq araşdırma həvəsi yoxdursa, cavan da olsa çətin olacaq. Məncə, bu, insanın istəyi ilə bağlı bir şeydir. Qafqaz Universitetində 50 yaşdan yuxarı təhsil alan yeganə şəxs mən olmuşam. Məndən sonra “bu yaşda Hüseyn müəllim oxuya bilirsə, mən də oxuyaram” deyə həvəslənənlər çox olub. Kiməsə vəsilə olduğumu gördüyüm zaman çox sevinirəm. Əslində cavanların bizə nisbətən təhsilini davam etdirməsi asan olur. Çünki cavanlıqda insanların məsuliyyəti az olur. Ailə məsuliyyəti yox, evə çörək aparmaq dərdi yox. Buna görə də cavanlıqda oxumaq daha yaxşıdır. Müəyyən yaşdan sonra insanın məsuliyyəti çox olur. Mənim ailəm bu işdə mənə çox dəstək oldu. Bu yaşda elmi işlə məşğul olmağıma normal yanaşdılar. Təcrübəli olduğum üçün bəzi məsələlərdə daha sürətlə çalışmağa başladım, nəyi harada tapacağımı, necə edəcəyimi, necə çalışdıqda hədəfə daha tez çata biləcəyimi bilirdim. Ona görə də işimi zövqlə başa vurdum”.

NƏRMIN HAQVERDIYEVA