Avropalı Sərvər…

0
481

“O olmasın bu olsun”dakı Sərvəri kim tanımır ki? Mənə belə gəlir ki, hamı. O Sərvəri ki, öz ssenarisinə əsasən sevgilisi Gülnazın əvəzinə gəlin paltarı geyinib Məşədi İbadın bəy otağına təşrif buyurur və əlindəki uşaq tapançasını kişinin başına dirəyib Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəməməsi ilə bağlı ondan yazılı bir sənəd alır. Sərvər aradan çıxandan sonra isə Məşədi İbad üzünü camaata tutub deyir: “Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır”. Hamı da bir ağızdan deyir ki, bəs bu nə əcəb sözdür?! Əlbəttə, gəlin arvad olar! Onda Məşədi İbad onlara deyir: “Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi, o da qaçdı getdi…” Nəticədə, Gülnaz xanımın yolunda xeyli vəsait xərləmiş Məşədi İbad qulluqçu Sənəmi göstərərək deyir: “Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün kəssin”. Öz xoşu ilə “Neftçi”ni tərk etmiş belçikalı futbolçu Emil Mpenzanın FİFA xətti ilə (onun da tapancası budur) ilin-günün bu çağında Məşədi İbaddan, bağışlayın, “Neftçi”dən bir milyon təzminatı rəsmiləşdirə bilməsi mənə bunları xatırlatdı. Kim bilir, bəlkə də bu müqayisə qüsurludur. Amma deyərdim ki, bir o qədər də yox… Çünki nəql etdiyim kimi, hadisələr elə buna oxşar şəkildə cərəyan edib.

Bəli, bir neçə il öncə ölkəmizdə qaz vurub qazan dolduran, amma “Neftçi”yə o qədər də xeyiri dəyməyən belçikalı futbolçu Emil Mpenza “ağ-qaralar”ı indi yaman dalana dirəyib. “Neftçi” indi bilmir haranın daşını töksün başına. Devalvasiyanın tüğyan etdiyi bir vaxtda klub Emil Mpenzanın borcunu ödəməyə vəsait tapmır. Emil Mpenzaya isə bakılıların nə mən “ölümü” kar edir, nə şirin dilləri, nə də Müşahidə Şurasının sədri Çingiz Abdullayevin romanları. Bir sözlə, “ağ-qaralar” bu məbləği ödəməyə məhkumdurlar. Əks halda, FİFA kluba daha sərt cəzalar tətbiq edə bilər. Belə ki, “Neftçi”ni transfer qadağası, hesabından xal silinməsi, aşağı dəstəyə göndərilməsi kimi cəzalar qulağının dibindədir. Bu isə dolayısı ilə komandanın məhvi deməkdir. Unutmayın ki, onun tələb etdiyi az məbləğ deyil. Eşitdiyimə görə, yalan-gerçək bu məbləğ AZAL, “Xəzər Lənkəran” kimi klubların təxminən2 illik büdcəsinə bərabərdir…
Bəli, bu gün Emil “Neftçi”nin başının bəlasına çevrilib. Mən bu hərəkətinə görə Emil Mpenzanı qınamaq fikrində deyiləm. Qınasam yəqin ki, məni də məhkəməyə çəkər. Görünür, o, hüquqlarını qorumağı, haqqını tələb etməyi bacaranlardandır. Yəni istədiyinə nail olmağa qabildir. Amma bircə on demək istəyirəm ki, o belə bir addım atmasa, daha yaxşı olardı. Yaranmış problemi yoldaşyana çözəydi. Yəni gərək vaxtilə çörəyini yediyi bir klubu belə çətin imtahana çəkməyəydi. Amma bu, bir fakt ki, Emil Mpenzanın məsələsini bu səviyyəyə çatdıranlar, yəni onunla anlaşanlar gözə dəymirlər. Bəs onlar haradadırlar? Yoxsa onlar sudan quru çıxıblar? Axı niyə bir nəfər Məşədi İbadsayağı ortaya çıxıb onlardan soruşmur ki, əşi, siz bu Emil Mpenzanı komandaya gətirəndə bir baxmadınız görək bununla dil tapmaq olar, yoxsa olmaz.
Nə isə… Mənə elə gəlir ki, Emil Mpenza da ölməz Üzeyir bəyin “O olmasın bu olsun” əsəri əsasında ərsəyə gətirilmiş eyniadlı kinonu dəfələrlə izləyib. Nəticədə, “Məşədi İbadın”, bağışlayın, “Neftçi”nin buraxdığı hüquqi boşluqlardan Sərvərin istifadə etdiyi şəkildə faydalanmağa çalışıb və buna nail olub. O, məncə, bizim futbol tariximizə düşən ilk avropalı Sərvərdir.