Şakir Qəribov: “Bizi “üç muşketyor” adlandırardılar?”

0
498

Şakir Qəribov… Yəqin ki, futbolseverlər bu adı və soyadı yaxşı xatırlayırlar. Bu günlərdə 60 yaşı tamam olmuş “Neftçi”nin veteran futbolçusu, AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovla AFFA-da görüşdük. Bizi olduqca səmimi qarşılayan Şakir müəllim suallarımz əsasında ötən günləri həvəslə vərəqləməklə yanaşı, futbolumuzun bu günündən də söz açdı.

 

– Şakir müəllim, əvvəla 60 illik yubileyiniz münasibəti ilə sizi təbrik edirəm və belə bir sualla söhbətimizə başlamaq istəyirəm. Ötən bu müddətdə sizi ən çox sevindirən, bir də üzən hansı illər olub?
– 1973-cü il mənim üçün ən unudulmazddır. Çünki məhz həmin il mən boya-başa çatdığım Sabirabaddan gəlib “Neftçi” komandasına düşmüşəm. 1988-ci ildə sevimli komandamın güclülər dəstəsindən birinci diviziona düşməsinə isə, sözün həqiqi mənasında, üzülmüşəm.
– Siz Sabirabadın ilk tanınmış futbolçususunuz, yoxsa…
– Elədir, mən Sabirabadın ilk tanınmış futbolçusuyam. Yeri gəlmişkən, həmin vaxt mənimlə birgə Ruslan Həbibov (Allah rəhmət eləsin) da “Neftçi”yə seçilmişdi. Lakin o sonradan, əgər belə demək mümkünsə, profilini dəyişdi. Sonradan Rasim Abışev (o da “Neftçi”də, eləcə də digər klublarda çıxış edib) meydana çıxdı. Hazırda o, Stavropolda yaşayır.
– Bu günün bölgə futbolu barədə nə deyə bilərsiniz?
– O illərlə müqayisədə bu gün bölgə futbolunun səviyyəsi aşağı düşüb. Sovet dönəmində rayonlarda idman məktəbləri var idi (Mən özüm Uşaq Gənclər İdman Məktəbində ilk addımlarımı atmışam). Yeri gəlmişkən, o zaman siniflər, məktəblərarası yarışlar keçirilər, fərqlənən komandalar zonalararası yarışlara dəvət olunardılar. Həmin yarışların, demək olar ki, hər birini tanınmış mütəxəssislər izləyərdilər. Məhz onlar öz oyunları ilə seçilənləri irəli çəkərdilər. O zamanlar Ağdam, Quba futbolçuları daha çox fərqlənərdilər.
– Sovet dövründə maddi durumunuz indiki futbolçularla müqayisədə necə idi?
– Bəri başdan deyim ki, biz futbol oynayanda, bir qayda olaraq, pul barədə əsla düşünmürdük. Düşünürdük ki, qoy hər kəs bizim meydançada necə can qoymağımızı görsün.(Düşünürdük ki, yaxınlarımız bizə görə utanmasınlar). Və desin ki, məsələn, Şakir Qəribov, doğrudan da, “Neftçi”yə layiq oyunçudur. Biz əsas heyətdə yerimizi qorumaq üçün çalışardıq. Bilirsinizmi o zamanlar “Neftçi”yə düşmək, bu komandanın heyətində çıxış etmək, sözün əsl mənasında, xoşbəxtlik sayılardı. Əgər əsas heyətdə yer alırdınsa, o zaman özünü futbolçu hesab edirdin. Üstəlik, rayondan gəlib Bakıda futbol oynamaq, həmin komandaya düşmək heç də asan deyildi. İndi dövr başqadır. Hamı pula oynayır. Onu da deyim ki, indi futbol oynamaq üçün ölkəmizdə hər cür şərait yaradılıb. Neçə-neçə baza, meydançalar tikilib. Amma sovet dövründə çətinliklər çox idi.

SS3“Atam halal kişi idi”
– Eşitdiyimə görə, atanız samovar ilə ailə saxlayıb…
– Bəli, mənim atam çayxana işlədib. Yəni bir samovarla 6 oğul, iki qız böyüdüb. O vaxtlar ailədə çox uşağın olması ənənə idi. Atam Dadaş kişidən (Allar rəhmət eləsin) soruşardılar, ay kişi, bir samovarın lüləyindən nə tökülür ki, bu uşaqları belə şad-xürrəm böyüdürsən? O da deyərdi: “Unutmayın ki, övladı da, ruzini də verən Allahdır”. Atam halal kişi idi: namaz qılar, oruc tutardı. Heç şübhəsiz ki, elə bu səbəbdən əli bərəkətli idi. Bir də mənə elə gəlir ki, o illərdə əksər kişilərin, o cümlədən mənim atamın üzündə sanki nur vardı. İndiyədək yadımdadır, bu və ya digər tədbirdə atamın söhbətlərinə elə maraqla qulaq asardılar ki… Amma son illər vəziyyət çox dəyişib.
– Bəlkə, bu fikrinizi bir qədər açıqlayasınız?
– Son zamanlar bir-biri ilə mehribancasına söhbət edən cavanların sayı azalıb. Nədən, çünki hamı başını salıb kompyuterə – internetə. İndi sanki hamı internetdə yaşayır. İnsafən, o kompyuterin yaxşı tərəfləri də var. Amma pis cəhətləri yaxşı cəhətlərindən daha çoxdur. İnandırım sizi, bəzən telefona o qədər aludə olurlar ki, hətta yolu keçən zaman başlarını qaldırıb sağa-sola baxmırlar. İndi mənə elə gəlir ki, daha insanlar arasında əvvəlki mehribançılıq da qalmayıb.
– Söhbətimizi elə o günlərlə davam etdirək?
– O günlər deyəndə qazanımız yadıma düşdü. Anam Reyhan xanım bir kiloqram ətdən həmin qazanda elə bozbaş bişirərdi ki, ləzzətindən doymaq olmurdu. İndi də anamın bişirdiyi o xörəyin ləzzəti məni tərk etməyib. Amma indi daha yaxşı yaşasaq da, həmin bozbaşın dadını, ləzzətini ala bilmirik. Hə, bir şey də deyim. Hər dəfə bir kilo ət alardıq. Özü də tanış qəssabdan. Adı da Yədulla idi. Bizim ailə onun daimi müştərisi idi. Yəni əti həmişə ondan alardıq. Bəzən elə olurdu ki, ət almağa nağd pulumuz olmurdu. Belə hallarda atam deyərdi ki, get Yədulla kişidən alın. Deyirdik, ay Lələ, (biz ona belə müraciət edərdik) bəs pul? Deyərdi, sən get, götür, pul məsələsi ilə işiniz olmasın. Və hər həftənin axırında atam ona olan borcunu ödəyərdi. Bilirsinizmi, o illərdə kişilərin bir-birinə inamı, hörməti daha çox idi. Hər kəs son tikəsini bir-biri ilə bölüşməyi bacarırdı. Amma indi…
– İndi samovar çayı yadınıza düşəndə hara üz tutursunuz?
– Bəli, həmin o bərəkətli samovar gözlərim qarşısında canlanır. (O illərdə mən futbol oynamaqla yanaşı, atama da kömək edərdim: stəkanları yuyar, çay paylayardım. Çayxanamız evimizin yanındakı avtobazanın həyətində idi). Atamdan sonra kiçik qardaşım, daha sonra qardaşım oğlu (onun da adı Dadaşdır) həmin çayxanını işlətdi. Sonradan fəaliyyətin dayandırdı. Amma istədiyimiz zaman onun fəaliyyətini bərpa edə bilərik. Bəli, mən özüm çay içənəm. Özü də isti-isti içirəm. Hərdən şəhərdə samovar çayı könlümə düşür. Amma bildiyiniz ki, indi şəhərdə samovarlı çayxanaların sayı barmaqla sayılası qədərdir. Odur ki, hər dəfə rayona gedəndə bu boşluğu doldurmağa çalışıram.
Bu yerdə anamla bağlı daha bir xatiratım da yadıma düşdü. Anam o bir kilo ətdən hazırladığı bozbaşın ailəmizin bütün üzvlərinə (ailəmiz on nəfərdən ibarət idi) çatmasına çalışardı. Özünə isə qazanın dibində yemək saxlayardı. Anam deyərdi ki, qazanın dibi dadlı olur, ona görə oradan özüm yeyirəm. Özü də elə ləzzətlə yeyərdi ki… Biz də elə bilirdik ki, anam tikənin ən yaxşısını özünə saxlayıb, uşaq idik də… Lakin sonradan bizə məlum oldu ki, sən demə, qazanın dibində ət-filan olmurmuş. Orada qalan bozbaşın bir neçə qaşıqlıq suyu imiş.
– Futbolçu kimi fəaliyyətə başlayanda valideynlərinizə kömək edə bilirdiniz?
– Bəli, mən “Neftçi”də oynayan gündən valideynlərimə əl tutmağa çalışmışam.
– Eşitdiyimə görə, o zamanlar oyunçulara maşın da verirdilər. Sizə bu xoşbəxtlik nəsib olubmu?
– Bəli, maşın verirdilər özü də hər il ilin ən yaxşı futbolçularına. Yanılmırımsa, Əli Rəhmanov, Səməd Qurbanov, Anatoli Banişevski, Rafiq Quliyev, Rəşid Özbəyov, İskəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryev, Əbdülqəni Nurməmmədov bu imtiyazdan istifadə ediblər. Mənə 1984-cü ildə “QAZ-24” veriblər. Artıq indi onun 32 yaşı var. Vəziyyəti o qədər yaxşı olmasa da işləkdir. Hazırda o, rayonda qardaşımın istifadəsindədir.

SS2Mənim qolum…
– Bir oyunuzdan söz açmağınızı xahiş edirəm: “Neftçi”-”Dinamo” (Tiflis)
-1987-ci ilin may ayının 10-da Respublik stadionunda “Neftçi” (o zaman baş məşqçi Ağasəlim Mircavadov idi) Tiflisin “Dinamo” komandası ilə qarşılaşdı. Çox maraqlı keçən həmin oyunda Otari Qabeliyanın qoruduğu rəqibin qapısından Maşallah Əhmədov (42) başla ilk qolumuzu vurdu. Mən isə oyunun 62-ci dəqiqəsində vurduğum qolla hesabı 2:0-a çatdırdım. Üçüncü qolu isə Nazim Süleymanov (hazırda o, U-19-un baş məşqçisidir) vurdu. Amma…televizorda idmanla bağlı verilişə -”Futbol icmalı”na (o zaman bu verilişdə hər ayın 3 ən baxımlı qolu seçilib göstərilərdi) baxarkən gördüm ki, seçim əsasında ikinci yerə layiq görülmüş qolumda Nazim Süleymanovun (amma onu da deyim ki, Nazim formaca mənə oxşayırdı), onun vurduğu qolda isə mənim adım hallanır. Onu da deyim ki, ikinci hissənin ortalarında mənim 30 metrdən sol ayağımla vurduğum qol (top dirəyə dəyib qapıdan keçmişdi), həqiqətən, qəşəng alınmışdı. Nazimin də qolu baxımlı alınmışdı. Amma mənim qolum kimi yox. Sonradan öyrəndim ki, sən demə, bunu bilərəkdən ediblərmiş. Belə ki, həmin vaxt “Neftçi”dən gənc, həm də perspektivli Nazim Süleymanov SSRİ-nin Olimpiya yığmasına namizədlər arasında idi. Qolumun Nazimi adına yazılması onun işinə yaraya bilərdi. Elə bu səbəbdən onun daha da irəliləməsin təkan vermək məqsədilə bu baxımlı qolu da ona aid etmişdilər.
– Şakir müəllim, bir var yaxşı oyun, bir də var nəticə… Bilmirəm, fikir vermisiniz, ya yox: bizim məşqçilər uduzduqları hər oyundan sonra həmişə yaxşı oynadıqlarını iddia edirlər. Amma nəticə önəmlidir. Nə vaxta qədər biz yaxşı oynadıq deyəcəyik?
– Şəxsən mənim komandam uduzanda heç vaxt demərəm ki, yaxşı oynadıq. Təbii ki, nəticə əsadır.
– Bəs bəxt amili necə?
– Unutmayın, bəxt tək futbolda deyil, hər yerdə, hər işdə önəmlidir.
– Futboldan bezdiyiniz anlar olub?
– Heç vaxt…
– Futboldan könüllü uzaqlaşdınız, yoxsa…
– Yox, uzaqlaşmadım, uzaqlaşdırdılar. 1988-ci ildə (IX turdan sonra) məşqçilər mənim oyunumdan razı qalmadıqlarını dilə gətirdilər. Yəni bildirdilər ki, artıq sürətin o sürət deyil, oyun texnikan o texnika deyil. Halbuki 1987-ci il mövsümündə 3 qol vurmuşdum. Birini “Dinamo”nun (Tiflis), birini “Spartak”ın, birini də “Kayrat”ın qapısına…
– Ümumiyyətlə, “Neftçi”də neçə qol vurmusunuz?
– Altı. 2 dəfə də kubok oyunlarında fərqlənmişəm. Onu da deyim ki, “Neftçi”nin tarixində indiyə kimi heç bir müdafiəçi mənim qədər qol vurmayıb. “Neftçi”də təxminən 230 oyun keçirmişəm.
– Başqa komandaya üz tutmadınız?
– 1988-ci ilin mayından sonra Anatolı Banişevskinin (O, Gəncə komandasının baş məşqçisi idi) təklifi ilə Gəncənin “Dinamo”suna gəldim. O dedi ki, 6 ay mənə kömək et, sonra səni köməkçi götürərəm. Belə bir şəxslə işləməkdən kim imtina edərdi ki? Razılaşdım. Dedim, ondan həm də çox şey öyrənə bilərəm. Beləcə, 2-ci dəstədə Gəncə komandasına kömək etdim. Lakin iş elə gətirdi ki, Banişevski Gəncədən ayrılmalı oldu. Bundan sonra doğma Sabirabada qayıdaraq yerli “İnşaatçı”da oynayan-məşqçi kimi fəaliyyət göstərməyə başladım. Və 1989-cu ildə mənim komandam Azərbaycan çempionu oldu. Onu da deyim ki, məşqçilik fəaliyyətimdə Ağasəlim Mircavadov və mərhum Ruslan Abdullayev kimi mütəxəssislərin məsləhətləri önəmli rol oynayıb.
– Daha sonra hansı klublarda çalışdınız?
– Mən əsasən “Şəfa” klubunda köməkçi-məşqçi kimi çalışmışam. Sonradan müxtəlif illərdə U-17, U-19 və U-21-də baş məşqçi olmuşam.

“Təklifi rədd etdim”
– Şakir müəllim, “Kuban”ı niyə rədd etmisiniz?
– Mən Krasnodar vilayətində hərbi xidmətə göndərildim. “Karantin”i Rostovda keçəndən sonra məni Krıma göndərdilər. Təxminən bir aydan sonra Vaqif Abbasovun sayəsində Bakıya çağrıldım – OİK-ə və bu komandada çıxış etməyə başladım. Matçların birində “Neftçi”nin baş məşqçisi Bondarenko oyunumu bəyəndi və məni komandasına dəvət edir. Amma sənədlərimin Krasnordarda olması ucbatından məni əsas heyətə yerəşdirə bilmədi. Buna rəğmən, 1977-ci ildə məni “Neftçi”nin əvəzedici komandasına cəlb etdi və hərbi xidməti başa vurduqdan sonra əsas komandaya götürəcəyini bildiridi. Nə isə…
Amma hərbi xidməti başa vurandan sonra sənədlərimin dalınca öz hərbi hissəmə qayıtmalı oldum. Onda mənə o vaxtın sözü ilə desək, “demblski iş” verdilər. Yəni necə bir iş? Mənim hərbi hissəmin olduğu yerdə “Rodina” adlı kolxoz vardı. Kolxozun sədri də bizim hərbi hissədə bir futbolçunun olmasından agah imiş. Bir gün o, hərbi hissəyə gəlib dedi ki, bəs kolxozlarası birincilik keçirilir, o futbolçunu ver bizə. Hərbi hissəmizin komandiri də baməzə bir insan idi. Dedi ki, işdi-şayət komandanız birinci yerə çıxsa, bizə nə hörmət edəcəksiniz? O da dedi ki, elə olsa bir qoyun hədiyyə edərəm, əsgərlər yeyərlər. Bizim də hissədə 24 əsgər var idi. Nə isə, mən getdim həmin kolxozun komandasının heyətində oynadım. Və birincilik qazandıq. Oyundan sonra bir nəfər mənə yaxınlaşıb dedi ki, sən futbolçu olmaq istəyirsənsə, gəl Krasnodarın “Kuban”ında oyna. Lakin onun təklifini rədd etdim. Bilirsinizmi niyə? Çünki mən Bondarenkoya qayıdacağımı söz vermişdim. Bir də o illərdə “Neftçi”dən başqa gözüm heç bir komandanı görmürdü.
– Bu gün bizim perspektivli futbolçularımız varmı?
– Sovet dönəmində güclü gənc oyunçularımız olub. İndi də var, demirəm yoxdur, ancaq əvvəlkilər indikilərdən çox seçilirlər. Yəni əvvəlkilər daha çox məsuliyyətli idilər. İndikilərdə məsuliyyət azalıb. İndiki cavanlar bir az pul görən, yaxşı şərait görən kimi çaşırlar. Elə bu səbəbdən dünyanın müxtəlif klublarından onların sorağı gəlmir. Halbuki o vaxt Azərbaycanın futbolçuları Rusiyanın, eləcə də digər müttəfiq respublikaların (xaric sayılmasa da) komandalarında çıxış edirdilər. Bəli, bu gün də istəyirik ki, onların xoş sədaları gəlsin. Yenə deyirəm, bizdə perspektivli oyunçular var… Amma onlar üzərlərində çox işləməlidirlər. Hətta məşqlərdən sonra belə… Məşqlərdən sonra meydanı tez tərk edən futbolçu uduzur. Yəni bu gün gənclərimizin özlərini göstərə bilmələri məşqçilərdən çox, onların özlərindən asılıdır.
– Belə çıxır ki, yaxın illərdə bizim Messimiz, Ronaldomuz olmayacaq?
– Bilirsinizmi, bu məsələdə Allah vergisi mühüm rol oynayır. Məsələn, Messi Allah vergisidri. O, dünyaya futbolçu kimi gəlib. Bu sahədə Allah ondan heç nə əsirgəməyib. Odur ki, onun meydanda elədiyini hər futbolçu edə bilmir. Bizdə Banişevski də Allah vergisi idi. Güman edirəm ki, qurbanı olduğum nə vaxtsa bizə də belə bir futbolçu bəxş edəcək.
– Bu il komandalarımız Avropanın meydanlarında da çıxış etdilər…Bu barədə nə deyə bilərsiniz?
– Bəli, ötən il “Qarabağ” və “Qəbələ” Avropa nəhəngləri ilə üz-üzə gəldilər. Zənnimcə, hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Onu da deyim ki, “Qarabağ”ın yenə bəxti gətirmədi. O daha da irəliləyə bilərdi. Bu öz yerində. Şəxsən mən istəyərdim ki, belə komandalarımızın sayı 4-5 olsun. Daha çox komandamız Avropaya çıxsın. Belə oyunlar millimizin də oyunlarına sirayət edir.
– Artıq devalvasiya küləkləri əsir… Bu klublara necə təsir edəcək?
– Yenə deyirəm, bilirsinizmi, biz hər şeyi maddi duruma bağlamaq düzgün deyil. Pul varsa oynayacağıq, yoxsa yox…bu doğru deyil.
– Məşqçilər Komitəsinin üzvüsünüz…
– Bildiyiniz kimi, komitə üzvlərinin hər biri futbol aləmində öz sözünü demiş şəxsdir. Onların hər biri indi də futbolumuzun inkişafı naminə çalışırlar. Belə ki, onlar futbolumuzun daha da tanınması üçün öz tövsiyələrini verməkdədirlər. Güman edirəm ki, elə bu tövsiyələrlə də öz töhfələrini verirlər.

“Bizi “üç müşketyor” adlandırardı”
– “İnşaatçı”nı 1989-cu ildə Azərbaycan çempionu etdiniz. Digər yerlərdə də çalışanda məşqçi kimi sözünüzü deyə bildinizmi?
– Rəhbərlik etdiyim U-17 2004-cü ildə Lüksemburqda mərhələ keçərək 4 komanda arasında yer tutdu. 2005-ci ildə İsraildə isə erməniləri məğlub etdik. Bu oyun barədə bir neçə kəlmə ərz etmək istərdim. Həmin oyun müstəqillik əldə etdikdən sonra ermənilərlə futboldakı ilk qarşılaşmamız idi. Hamı bizdən qələbə gözləyirdi. Açığı, özümə çox inanırdım və bu yükün altından çıxacağıma əmin idim. Həqiqətən də, nəticə bizim üçün əla alındı, rəqibi 3:0 hesabı ilə udduq. Bu oyun həm də mənim ən yaddaqalan oyunlarımdan biri oldu. Bu uğurlarımı nəzərə alan AFFA rəhbərliyi məni aşağı yaş qruplarının (U-15, U-17, U-19, U-21) rəhbəri qoydu (2005-2006-cı illər). Onu da deyim ki, mən vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə də birgə işləmişəm. Baş məşqçi kimi klublarda az çalışmışam. Sözün düzü, o illərdə heç zaman baş məşqçilik dalınca qaçmamışam.
– Son illər “Neftçi” zəif çıxış edir. Bu sizə necə təsir edir?
– Mən bu komanda ilə tanınmışam. Bu komandanın sayəsində özümə şərait yaratmışam.Təbii ki, “Neftçi”nin son oyunları məni üzür. Yeri gəlmişkən, bu komandanın veteranları ilə görüşəndə də söhbətimizin əsas mövzusu elə bu, olur. İstəyirik ki, o, “flaqman” olaraq qalsın. “Qarabağ”la, “Qəbələ” ilə ayaqlaşsın.
– “Neftçi”də ən çox kimlərə ürək qızdırırdınız?
– Uşaqların hamısı ilə münasibətim yaxşı idi. Lakin Əbdülqəni Nurməmmədov (mən illərlə onunla otaq yoldaşı olmuşam) və Səmədağa Şıxlarovla əlaqələrim daha yüksək səviyyədə olub (Bu gün də bu dostluğumuz davam edir). Hətta rəhmətlik Ruslan Abdullayev bizi “üç müşketyor” adlandırardı.
– Elə isə “Üç muşketyor”un başına gəlmiş bir əhvalat danışa bilərsiniz?
– Əhməd Ələsgərovun dönəmində Moskvada idik. “Rossiya” mehmanxanasında qalırdıq. “Otboy”dan sonra biz üçümüz rejimi pozaraq rəqib komandanın tanış oyunçuları ilə görüşmək məqsədilə mehmanxananı tərk etdik və gec qayıtdıq. Sən demə, biz mehmanxanadan çıxandan sonra rəhbərliyə məlumat veriblər ki, bəs 3 nəfər yoxdur. Uzun sözün qısası, səhər tezdən avtobusa minəndə birdən Əhməd müəllim ayağını uzadıb mənim avtobusa minməyimə mane oldu. O, digər dostlarıma da bu üsulu tətbiq etdi. Əhməd müəllimin hirsi soyuyandan sonra gəlib oturduq yerimizdə. Az sonra ondan soruşdum ki, nə olub? Dedi ki, daha nə olacaq. Sizə dedim ki, Bakıda bizi daha gərgin oyun gözləyir, siz isə rejimi pozmaqla formanızı aşağı salırsınız. Mən sizə güvənirəm axı. Sonradan bizə məlum oldu ki, sən demə, gecə biz mehmanxanadan çıxandan sonra gözətçidən soruşublar ki, rejimi pozanların kim olduqlarını bilirsənmi? O da deyib ki, adbaad deyə bilmərəm, bəs sadəcə üzdən tanıyıram. Onda Əhməd müəllim gözətçiyə deyib ki, biz onsuz da səhər tezdən mehmanxananı tərk edib Bakıya qayıdırıq. Oyunçular avtobusa minəndə sən gəl həmin adamların yanınında dayan, qalan şeylə sənin işin yoxdur. Bəli, Əhməd müəllim beləcə bizi ələ keçirmişdi. Qvami Məhəbbətoğlu