“Daim hərəkətdə olsa, uzunömürlü olar bizim insanımız”

0
328

Uzun və xoşbəxt ailə üçün sevgi, hörmət, bir-birini başa düşmək mühüm əhəmiyyət kəsb edir. Fərdlər bir-birinə nə qədər çox sevgi ilə bağlı olarlarsa, ailə də o qədər xoşbəxt və uzunömürlü olar. Haqqında fəxrlə danışa biləcəyimiz belə ailələrdən biri də Sumqayıt şəhər sakini, 81 yaşlı Məşdi Rzayevin ailəsidir. Məşdi müəllim xanımı Məryəm Əliyeva ilə birgə düz 52 ildir ki, xoşbəxt ailə həyatı sürürlər. Məlumat üçün bildirək ki, Məşdi müəllim 1934-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub. 81 yaşının olmasına baxmayaraq, hələ də şux görünüşə sahibdir. Hazırda Sumqayıt Şəhər Veteranlar Şurasının katibi vəzifəsində çalışan Məşdi müəlllim, belə rahat və gümrah görünməsində ailəsinə borclu olduğunu dilə gətirdi: “2011- ci ilə qədər Sumqayıtın 17, 21 və 27 nömrəli məktəblərində bədən tərbiyəsi üzrə müəllim işlədim. 55 il iş stajım var. Bunun 45 ilini ictimai işlərdə işləmişəm. Hazırda Sumqayıt Şəhər Veteranlar Şurası ilə yanaşı, Sumqayıt Təhsil Şöbəsi Veteranlar Şurasının sədriyəm və “Veteranlar qəzeti”nin xüsusi müxbiriyəm. Yazılar yazmaqda davam edirəm və daima hərəkətdəyəm. Bu hərəkətliliyimə görə də, əlbəttə, birinci növbədə ailəmə borcluyam. 5 övladım, 9 nəvəm var. Hamısı böyüyüb ali təhsilə yiyələniblər. Hərəsi bi işin qulpundan tutublar. Övladlarımın hamısı ali təhsil alıb. Hamısı da Allaha şükür, ailə sahibidir. Əgər ailəm və övladlarım xoşbəxtdirsə, mən fərəhlənirəm. Övladlar xoşbəxt olanda ana-ata fərəhlənir. Ana-atanın əsas xoşbəxtliyi övladlarını xoşbəxt görməkdir. Mənə elə gəlir ki, ailədə xoşbəxtlik olanda insan həm də uzunömürlü olur. Bu günə kimi həkimə getməyim yadıma gəlmir. Məni belə gümrah və dinc saxlayan ailəmdir. Ailədə hər şey gözəl olanda çox şeyi ürəyinə salmırsan.

– Məşdi müəllim, söhbətimiz ailə, ailə məsələlərinin üzərində qurulub. Son zamanlar yeni qurulan ailələrdə boşanmaların sayı artıb. Bir uzunömürlü, xoşbəxt ailənin başçısı kimi sizin düşüncəniz nədir?

– Ailə kiçik bir dövlətdir. Ailə qurmaq asan deyil. Ailə qurmaq həm məsuliyyətlidir, həm də əhəmiyyətlidir. Bütün cavanlara həmişə deyirəm ki, baxın, atalarınızın, babalarınızın və ağsaqqallarınızın yoluna. Artan boşanmaların birinci səbəbi tanımadan, bilmədən ailə qurmaqdır. Eşitdiyimə görə, hətta internetdə, telefonda tanış olur və ağsaqqala, ağbirçəyə müraciət eləmədən ailə qururlar. Bir başqa səbəb maddiyyata dayanılaraq ailə qurulmasıdır. Bunun axırı boşanmaya gedib çıxır. Ailə qurmaq məsuliyyətlidir, ona görə ki, çox çətinliklərlə rastlaşırsan. Ailə çətinliklərə sinə gərməlidir və dözməlidir. Mən ailə quranda ağsaqqallarımın da məsləhətini aldım, anamın fikirlərini nəzərə aldım. Qızlarım ailə quranda onlara birinci nəsihətim o oldu ki, ata-ananız getdiyiniz evdədir, onlara hörmət edin. Ailə mübahisələrində ər-arvad daima bir-birinə güzəştə getməlidir.

Sən de, o desin, bu doğru deyil. Evdəki mübahisə ən çox da uşaqlara təsir edir. Mən həyat yoldaşım Məryəm xanımla 52 ildir ailəliyəm və indi də xoşbəxtəm.

Ailənin xoşbəxt və uzun ömürlü olmasında – sonrakı mərhələdə uşaqların tərbiyəsi də böyük rol oynayır. Öz vətənimiz üçün sədaqətli övladlar böyütməliyik. Ana-ata övladlarının tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Uşaqlar telefondan, internetdən uzaq tutulmalıdır. Mən bir müəllim kimi tövsiyəm odur ki, valideynlər uşaqlarının sağlam böyüməsini istəyirlərsə, onları internet və telefondan uzaqlaşdırmalıdırlar. Valideyn daim övladını nəzarətdə saxlamalıdır. Uşaq daim ata-anasının nəzarətində olmalıdır. Çevrəsi kimdir, kiminlə oturub-durur. Bunu eləməyəndə bir də baxırsan ki, uşaq narkomanlara qoşulub. Mən o cür ailələrlə üzləşəndə soruşuram ki, nə üçün maraqlanmırdınız ki, övladınız niyə gecə saatlarında evə gəlir, harada olur və kimə qoşulur? Niyə soruşmurdun ki, kiminlə oturub-durursan. Əksəriyyət pis əməllərin törənməsinin əsas səbəbi nəzarətsizlikdəndir. İndi mənim oğlumun 44 yaşı var və hələ də anası “haradasan?” deyə telefonla da olsa onu axtarır. Ana-ata övladının mənəviyyatını da qorumalıdır. Bəzi ailələr guya Avropa adət-ənənəsi ilə gedir və övladını bu istiqamətdə tərbiyə edir. Bu, düzgün deyil. Mən həmişə demişəm, Avropanın elmini, texnikasını götürək, amma adət-ənənəsini yox.

– Məşdi müəllim, gənclərimizə tövsiyəniz nədir?

– Gənclərə tövsiyəm odur ki, sağlam olmaq üçün idmanla məşğul olsunlar və çox kitab oxusunlar. İnternetdə, televizorda boş şeylərə vaxtlarını sərf etməsinlər. Azərbaycan xalqının gələcəyi sizlərsiniz. Daim hərəkətli olsunlar. Mən qazandığım təcrübəmlə başa düşdüm ki, insanı hərəkət saxlayır. Daim hərəkətdə olsa, uzunömürlü olar bizim insanımız. Mən 12 yaşımdan işləmişəm və indi də işləyirəm. Bütün dövrlərin zəhmətindən keçib, 81 yaşıma gəlmişəm. İndi də hərəkətdəyəm. İşləməkdən yorulmuram. Baxıram ki, doğrudan da, ata-babalarımızın dediyi söz doğrudur. İnsan nə qədər hərəkətli olarsa, uzunömürlü olar. Gənclər həm də gərək öz mənəviyyatlarını qorusunlar…

Babək Əsgər, Sumqayıt