Hansı komitə doğrunu söyləyir: Gömrük, yoxsa Statistika Komitəsi?

0
364

Dövlət Statistika Komitəsinin 2014-cü ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən (bax: – http://www.stat.gov.az/source/trade/) belə məlum olur ki, ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 1,8 manata, kartofun 1 kiloqramının dəyəri 5,2 qəpiyə, meyvənin 1 kiloqramının dəyəri 58 qəpiyə bərabərdir. Qeyd edək ki, bu rəqəmlər 2014-cü ildəki məzənnəyə (1 manat-0,78 dollar) görə hesablanıb. Mövcud məzənnəyə görə (1 manat-1,6 dollar) hesablansa o zaman ölkəyə gətirilən çayın 1 kiloqramının dəyəri 3,68 manata, kartofun 1 kiloqramının dəyəri isə 10,56 qəpiyə, meyvənin 1 kiloqramının dəyəri 1,2 manata bərabər olacaq. Ancaq Dövlət Statistika Komitəsinin eyni dövr üçün açıqladığı digər bir statistik göstəricidə – “Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal-ixrac edilən malların həcminə (dəyərinə) dair statistik müayinənin nəticələri” adlı hesabatda isə qeyd olunur ki, fiziki şəxslər tərəfindən 2014-cü ilin sentyabr ayında ölkəyə gətirilən çayın 1 kiloqram 5,2 manata (mövcud məzənnə ilə 10,5 manata) bərabər olub. (bax- http://www.stat.gov.az/source/trade/az/f_trade/F_S_idxal_ixraci_2014_09.pdf). Həmin hesabatda həmçinin qeyd olunur ki, idxal olunan kartofun 1 kiloqramı 36 qəpik (mövcud məzənnə ilə 73 qəpik), meyvənin 1 kiloqramı 2,1 manat (mövcud məzənnə ilə 4,3 manat) təşkil edib. Onu da bildirək ki, digər məhsullar üzrə aparılan analoji müqayisədə də bənzər nəticələr ortaya çıxır. Yuxarıdakı rəqəmlərdən aydın görsənir ki, gömrük bəyannaması tərtib olunaraq, yəni rüsum ödənilərək ölkəyə gətirilən məhsulların dəyəri, gömrük bəyannaması tərtib olunmadan, yəni rüsum ödənilmədən ölkəyə gətirilən məhsulların dəyərindən bir-neçə dəfə aşağıdır. Ölkəyə idxal olunan məhsulların böyük əksəriyyəti gömrük bəyannaması əsasında gətirilir. Məsələn, 2014-cü ildə gömrük bəyannaması əsasında ölkəyə 129 min 445 ton kartof gətirildiyi halda fiziki şəxslər tərəfindən rüsum ödənilmədən gətirilən kartofun miqdarı cəmi 1205,8 ton olub. Ölkəyə gətirilən kartofun böyük əksəriyyətinin daha ucuz qiymətə idxal olunmasına baxmayaraq ölkə daxilində daha baha qiymətə satılır. Qeyd edək ki, bu məsələ bir-neçə dəfə gündəmə gətirilib. Ekspertlər bildirirlər ki, əslində xaricdən gətirilən məhsulların qiyməti real rəqəmləri əks etdirmir. Buna səbəb kimi heç bir ölkədə, xüsusilə də əsas ticarət tərəfdaşımız olan ölkələrdə məhsulların bu qiymətə satılmamasını göstərirlər. Bildirilir ki, heç bir ölkədən kiloqramı 10-11 qəpiyə kartof almaq mümkün deyil. Bəzi ekspertlər isə bildirir ki, əgər həqiqətən də ölkəyə məhsullar bu cür aşağı qiymətlə daxil olursa, o zaman daxili bazarda da qiymətlər aşağı salınmalıdır. Çünki ölkəyə gətirilən idxal məhsullarına tətbiq olunan rüsum və vergilər gömrük bəyannaması əsasında rəsmiləşdirilən qiymətlər üzərindən alınır.

Xaricdən gətirilən məhsulların qiymətinin real rəqəmlərdən fərqli olmasını bəzi ekspertlər idxal məhsullarının gömrük rəsmiləşdirilməsindən yayındırılması, yaxud da qiymətlərin süni şəkildə aşağı salınması ilə əlaqələndirirlər. Bildiyimiz kimi, idxal olunan məhsulun qiymətləndirilməsi səlahiyyəti də gömrük orqanlarına (əvvəllər broker şirkətinə) məxsusdur. Məhz bu səbəbdən iddia olunur ki, bəzi şirkətlərin gömrük vergi və rüsumlarından yayınması və yaxud da daha az rüsum ödəməsi üçün idxal məhsullarının qiyməti aşağı göstərilir. Qeyd edək ki, bunu əsaslandırmaq üçün adətən “güzgü statistikası” adlandırılan üsuldan istifadə edilir. Biz də bu üsuldan istifadə edərək bəzi rəqəmləri ortaya çıxardıq. Məsələn, Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı statistik göstəricidə qeyd olunur ki, 2015-cü ilin ilk 11 ayı ərzində Azərbaycana ixrac olunan məhsullarının ümumi dəyəri 231,3 milyon dollara bərabər olub (bax-http://geostat.ge/cms/site_images/_files/english/bop/FTrade_11__2015_ENG.pdf). Azərbaycan Gömrük Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, 2015-cü ilin ilk 11 ayı ərzində Gürcüstandan cəmi 58,4 milyon dollar dəyərində məhsul idxal olunub (bax-http://customs.gov.az/files/arayish20150111cap.pdf). İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 11 ayında Azərbaycandan 493,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Bu məhsulların 412,8 milyon dolları neft və təbii qazın, həmçinin neft və neft məhsullarının payına düşüb. Azərbaycan Gömrük Komitəsinin məlumatına görə isə bu ilin ilk 11 ayı ərzində Azərbaycan Gürcüstana 343 milyon dollar dəyərində məhsul ixrac edib. Rəqəmlərdən də gösründüyü kimi, iki ölkənin açıqladığı ixrac (Gürcüstandan Azərbaycana ixrac-red.) göstəricilərində 172,9 milyon dollar, idxal (Gürcüstanın Azərbaycandan idxalı-red.) göstəricilərində isə 150,8 milyon dollar fərq var. Qeyd edək ki, digər ölkələrlə müqayisə apardığımız zaman da bu cür fərq ortaya çıxır. Məlumat üçün onu da bildirək ki, daha əvvəl Gömrük Komitəsi tərəfindən bu məsələyə münasibət bildirilib. Komitədən verilən açıqlamada qeyd olunub ki, idxal mallarının statistik uçotdan yayındırılmasının fakt kimi göstərilməsi tam yanlış və əsassızdır. Sonda onu qeyd edək ki, Gömrük Komitəsinin yanlış və əsassız adlandırdığı faktlar Dövlət Statistika Komitəsinin və ticarət tərəfdaşımız olan ölkələrin rəsmi qurumları tərəfindən açıqlanıb.

Allahverdi Cəfərov