Gözü yolda qalan ana: “İnqilabım baba olub”

0
373

Xəzər dənizindəki “Günəşli” platformasının 10 saylı dəniz özülündə ötən il dekabrın 4-də baş vermiş faciədə itkin düşənlərdən biri də 1957-ci il təvəllüdlü mingəçevirli İnqilab İsgəndərovdur. Bir müddət öncə “Zaman-Azərbaycan” qəzetində onun barəsində geniş yazı dərc etmişdik. Bu günə qədər axtarışlar davam etsə də hələ ki İnqilabdan bir xəbər yoxdur. Amma İnqilabın anası Qəmər müəllimə bu gün çox narahatdır. O bu hadisə baş verən gündən oğlunun yolu gözləyir. Bu günə qədər deyirdi ki, inanıram ki, oğlum sağ-salamat gələcək. Amma oğlundan xəbər ala bilməyən biçarə ana artıq oğlunun cəsədini görmək arzusu ilə yaşayır. Oğlunun yoxluğuna inanmayan ana artıq taqətsiz, çarəsiz gözləri yolda, qulaqları səsdədir. Qapı döyülən kimi, telefon zəng çalan kimi səksənən 81 yaşlı Qəmər ana deyir ki, ay bala, görün bəlkə bir xəbər var. Bu günlərdə Qəmər müəllimənin dərdinə şərik olmaq üçün onun yaşadığı ünvanda olduq. Dərdli ananın bir gözü ağlayır, bir gözü gülürdü. Belə ki, oğul dərdini çəkən ana onun bu günlərdə baba olduğunu bizə ürək ağrısı ilə bildirdi. Oğlumun xəbəri yoxdur ki, baba olub. Qızının 19 yanvar tarixində oğlu dünyaya gəlib: “Ay bala, evdə özümə yer tapa bilmirəm. Baba olub, xəbəri yoxdur. Dəniz onu bizdən alıb apardı. Ciyərparəsinin oğlu olub. Biz bu gün buna sevinə bilmirik. Sevincimiz gözümüzdə qalıb, gözümüz yolda. Qızım da evdə dura bilmir. Bakıda dənizin kənarında qardaş axtarır. Bu günə qədər deyirdim ki, oğlum gələcək. Amma çarəsizlikdən indi deyirəm ki, heç olmasa, cəsədini görüm. Görün, ana da oğul cəsədini arzulayarmı. Artıq deyirəm ki, heç olmasa, İnqilabımın cəsədini görüm, bəlkə təskinlik taparam. Yaxınlarım mənə təskinlik üçün deyirlər ki, nəticən olub, oğlunun nəvəsi olub, bir az toxta. Amma mən öz oğlumu istəyirəm. Hər kəsin balası özünə şirindir. Daha dözə bilmirəm. Mən uzun müddət pedaqoji sahədə çalışdığıma görə tanıyanlar, bilənlər dəstək olmaq üçün bizə gəlirlər. Şəhərimizin Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, Nailə müəllimə, Səidə müəllimə, Anar müəllim və digərləri mənə mənəvi dayaq olurlar. Onlara öz dərin təşəkkürümü bildirirəm. Şəhərimizin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gəlinimin iş yoldaşları, qonşular, qohumlar hər gün gəlib bizə dəstək olurlar. Hamısından razıyam. Amma yenə də təsəlli tapmıram, gözüm oğlumu axtarır. Deyirəm, bəlkə onlarla gəlib, onu görəcəm. Bala, ana üçün bala dərdindən böyük dərd yoxdur”.

Mingəçevirdə 58 il pedaqoji fəaliyyəti olan Qəmər müəllimə həmişə böyük hörmətə sahib olub. Oğul dərdi Qəmər müəllimənin belini yamanca büküb. Onunla söhbət edərkən çalışdım ki, bir qədər anaya təskinlik verim, amma hiss etdim ki, ağlamaqdan işığı çəkilmiş solğun gözləri qapıya zillənib. Ailənin bütün üzvləri təlaş içindədirlər. Gah televiziyanın Xəbərlər proqramını izləyir, gah da telefon zənglərini gözləyirlər.

Qeyd edək ki, İnqilab İsgəndərov 10 ilə yaxın dənizdə işləyib.

Esmira Hidayətova, Mingəçevir