“İdxal və ixrac əməliyyatları şəffaflaşdırılmalıdır”

0
458

Dünən Milli Məclisin növbədənkənar keçirilən iclasında millət vəkilləri ölkədə yaranmış iqtisadi böhrandan çıxış yolu ilə bağlı öz təkliflərini və iradlarını dilə gətirdilər.

“Azərbaycan Prezidentinin dünənki iclasda səsləndirdiyi fikirlərdən sonra insanlarda az-çox inam bərpa olundu. Amma ona qədərki dövrdə nə Mərkəzi Bankın, nə də hökumətin iqtisadi blokuna daxil olanların hansısa açıqlaması ciddi qarşılanırdı. Çünki artıq bu inam itib. Xarici dövlətlərdə bu prosesi belə mərhələyə gətirən şəxslərlə iş davam etdirilmir. Zənnimcə bu iqtisadi blokun da bu mənada yenilənməsinə ehtiyac var. Mən kiminsə şəxsiyyətini hədəf almıram. Amma bu böhrandan çıxış prossesini bu böhrana səbəb olmuş insanlar həll edə bilməyəcəklər”. Bunu dünən millət vəkili Fazil Mustafa Milli Məclisin növbədənkənar keçirilən iclası zamanı bildirdi.

“Bu gün kimi aldadırıq?”

Millət vəkilinin sözlərinə görə, birinci növbədə sərt inzibati tədbirlər həyata keçirilməlidir: “İdxal və ixracda inhisarçılıq ləğv edilməlidir. İnsanların heç kimdən icazə almadan və heç kimə haqq vermədən istədiyi məhsulu Azərbaycana gətirmək və istədiyi məhsulu xaricə çıxarmaq hüququ təmin olunmalıdır. Xatırlayırsınızsa, 93-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda təqribən belə bir vəziyyət yaranmışdı. Çıxış yolunu nədə gördü? Açdı bütün qapıları. Açın qapıları, özünüz görəcəksiniz ki, 93-95-ci illərdəki kimi vətəndaş öz təşəbbüsü ilə nə işlər görəcək. Bankların etibarlılığı bərpa olunmalıdır. Çünki bütün əməliyyatlar banklar üzərindən aparılır. İdxal və ixrac əməliyyatları üzərində şəffaflıq bərpa olunmalıdır. Diqqət edirsinizsə xaricə axan valyutaların 20-30%-i açıq şəkildə statistik rəqəmlərdə yer almır. Ona görə ki, Azərbaycanda ideoloji statistika var. Artıq bundan əl çəkməliyik. Sovet dövründə statistikanı ona görə şişirdirdik və ya azaldırdıq ki, bu barədə Moskvaya hesabat verirdik. Bu gün kimi aldadırıq?”.

F.Mustafa işsizlərin sayının getdikcə artdığına diqqət çəkdi: “Ölkədə hər gün 300-500 adam işsiz qalır. Bu işsiz ordusu sabah aclar ordusudur. Sabah dövlətə qarşı təxribatçı qüvvələr onlardan istənilən səviyyədə istifadə edə biləcəklər. Ona görə də biz bunun qarşısını almalıyıq. İş yerləri bağlandıqca yenidən insanların iş yerlərinə qayıtmaq imkanı olmur. Bir neçə bank attestasiya adı ilə 200-300 insan işdən azad olunacağını açıqlayıb. Bunun ailəsi var, uşağı var. Bu hara, kimə qoşulmalıdır? İmkansız vəziyyətdə hansı işlərlə məşğul olmalıdır? İndi hamını içkili, ekstremist adı ilə çağıra bilmərik. Vətəndaşların böyük hissəsi siyasiləşmiş tələb irəli sürmür axı. Çörək, adi qida tələbi irəli sürür. Neft gəlirlərinin yüksək olduğu dövrlərdə belə vətəndaş, sahibkar 24-30 faizlə banklardan kredit götürürdü. Onda da güzəşt yox idi, zəmanəti yox idi. Zəngin vaxtda rifah səviyyəsinin yaxşılaşıdırılması üçün müəyyən addımlar atılsa da, sahibkarların inkişafı istiqamətində ciddi nöqsanlara yol verildi. 2012-2014-cü illərdə xaricə çıxan birbaşa investisiyalar cəmi 2,7 milyard dollar idisə, ötən ilin 9-10 ayında isə ölkədən xaricə 2,2 milyard dollar çıxıb. Ölkəyə qoyulan sərmayə isə çox aşağı səviyyədədir. Xarici bankların burada fəaliyyətinə imkan yaratmalıyıq. Fundamental köklü islahatların aparılmasını təklif edirəm”.

“Bizi də söyürlər”

Millət vəkili çıxışı zamanı Mərkəzi Bankın fəaliyyətini tənqid etdi: “21 fevral devalvasiyasından sonra dekabr ayında üzənnə məzənnəyə keçid adı ilə nə qədər insan daha faciəvi hala düşdü. Bu addım-addım edilsəydi, doğru olmazdımı? Ölkənin valyuta ehtiyatını da daha çox qorumaq olardı. Ayrıca 5-10 adamın aldığı qərarla bu gün ölkənin gəlib düşdüyü vəziyyətin hesabını hamımız ödüyürük. Bu gün insanlar etirazlarını təkcə hökumətin iqtisadçı komandasına bildirmirlər, bizi də söyürlər, bizə də deyirlər ki, siz xalqın problemi ilə məşğul olmursunuz”.

“Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır”

Millət vəkili Əli Məsimli isə dollarla götürülən kreditlər məsələsinə toxundu: “Azərbaycanda çox az adam tapılar ki, onun krediti olmasın. Millət vəkillərinə də olan müraciətlərin əksəriyyəti dollarla olan kreditlərlə bağlıdır. Hesab edirəm ki, nə şiş yansın, nə də kabab nöqteyi nəzərdən yanaşıb ağırlığı bir qurumun üstünə atmadan, dörd yerə bölməklə həll etmək olar. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm tətbiq etməklə yumşaltmaq olar. Hələlik manatın devalvasiyası kuliminasiya nöqtəsinə çatmayıb. Əgər Konstitusiya Məhkəməsinin qərarı qüvvədə qalmağa davam etsə 7-8 min manat kredit götürən adam bir müddət sonra bu məbləğin 3-4 qat artığını qaytarmalı olacaq, bu isə mümkün deyil. Ona görə hesab edirən Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır”.

“Azərbaycanda hüquqi şəxsi ilə vətəndaş arasında xarici valyutadan istifadə olunur”

Qüdrət Həsənquliyev bankların dollarla kredit verməsindən danışdı: “Elman müəllimə sual verdim ki, niyə Azərbaycan bankları dollarla kredit verir. Konstitusiyanın 19-cu maddəsində pul vahidi anlayışı var. Orda qeyd olunub ki, bütün ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər. Elman müəllim isə dedi ki, “Hüquqşünaslar daha yaxşı bilər, amma bu ödəniş kredit vermək demək deyil”. Biz deyirik kredit borcları üzrə ödəniş və yaxud kredit borcların verilməsi, bu nəyi dəyişir? Məsələ ondadır ki, Azərbaycanda hüquqi şəxsi ilə vətəndaş arasında xarici valyutadan istifadə olunur. Bunun qarşısını almaq lazımdır. Vaxtında Konstitusiyanın bu müddəasını Konstitusiya Məhkəməsi düzgün şərh etsəydi, Mərkəzi Bank bu məsələyə düzgün yanaşsaydı, manatla kreditlər verilmiş olsaydı indi kreditlərin qaytarılmasında heç bir problem olmazdı”.

Q. Həsənquliyev iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını və ya sadələşdirilməsini təklif etdi. Bundan əlavə millət vəkili bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtının çatdığını vurğuladı.

Millət vəkili Azay Quliyev gömrükdə idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması məsələsinin əhəmiyyətinə diqqət çəkdi: “Gömrükdə hamımızı düşündürən əsas məsələ idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması, inhisarçılığın aradan qaldırılmasıdır. Bütün insanlar, iqtisadçısı, hüquqçusu, siyasətçisi, hamı bir fikirdə həmrəydir ki, iqtisadi inkişafımızın qarşısında duran bu amil aradan qaldırılmalıdır. Neqativ halların, korrupsiya tam aradan götürülməlidir”.

Bəylər Məcidov