“Mən də o gündən bu hala düşmüşəm”

0
343

Sədi Şirazinin çox ibrətli bir hekayəsi var. O hekayənin qısa məzmununu sizlərlə paylaşırıq:

Uzaq bir şəhərə səfər etmişdim və yolum bazara düşmüşdü. Bir usta diqqətimi cəlb elədi; üzündən, gözündən fərəh hissi yayılırdı; o qədər ürəklə işləyirdi ki, deyirdin, bəs dünyanın ən gözəl işi onun işidir. Çəkiclə işləyirdi, hər mıxa bircə dəfə endirirdi çəkici. Çəkic də, mıx da onun sözünə “baxırdı”.

Aradan bir neçə il keçəndən sonra yenə yolum həmin şəhərə düşmüşdü və həmin bazara getmişdim. Gözüm istər-istəməz o ustanı axtardı. Bu dəfə nə görsəm yaxşıdır? – Həmin usta oturub, üz-gözündən də zəhər-zəhrimar yağır, çəkici bir əlindəki ayaqqabıya, bir də barmağına vurur. Barmağının qanı ayaqqabıya bulaşmışdı. Yaxınlaşıb soruşdum:

– Qardaş, bir neçə il əvvəl bu bazarda mən sənin necə işlədiyini görüb ürəyimdə sənə qibtə eləmişdim, demişdim ki, bu insanın yəqin ki, heç bir dərdi, ağrısı yoxdur. Amma bugünkü halını görəndə məəttəl qaldım. Bu dəyişikliyin səbəbini söyləyə bilərsənmi?

Pinəçi mənim bu sualıma bənd imiş kimi gözlərindən yaş axmağa başladı, əlindəki çəkici bir tərəfə qoyub, dərindən köks ötürdü və dedi:

– Doğru deyirsən, 7 il idi ki, mən hər gün işimi qurtaranda evimə getmirdim, bir quş kimi uçurdum; çünki bilirdim ki, xanımım qapıda dayanıb, gözünü mənim yoluma dikib. İşləyəndə də ürəklə işləyirdim, bilirdim ki, vurduğum hər çəkiclə ailəmizin bir qayğısı, bir problemi həll olunur. Çox xoşbəxt idim, evdə qayğı ilə, nəvazişlə əhatə olunmuşdum.

Biz bir-birimizi çox sevirdik, amma son aylarda nə oldusa, aramıza söz-söhbət girdi; ən kiçik şey üstündə bir-birimizdən inciməyə, küsməyə başladıq. Bir gün də həyat yoldaşım qalxıb boğçasını yığdı və atası evinə getdi. Mən də o gündən bəri bu hala düşmüşəm.

Barmağımı dişlədim və ailənin insan üçün nə qədər mühüm nemət olduğunu bir daha anladım.

***

Ailə həyatında birinci qayə nəslin davamıdır. Amma bununla yanaşı, fərdlərin xoşbəxt yaşaması üçün ailə çox gərəkli amildir. Belə ki, ailə quran kişi və qadın bir-biri ilə rahatlıq tapır, günahlardan qorunurlar. Dinimiz buyurur ki, qadın kişi üçün, kişi də qadın üçün örtükdür, yəni qorunacaq, sığınacaq ünvandır. Halallıq dairəsində qurulan ailə fərdlərin rahat həyat yaşaması üçün çox böyük bir təminatdır.

Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) buyurur ki, insan evlənərək dininin yarısını tamamlamış olur, digər yarısı üçün də gərək Allahdan qorxsun. Başqa dinlərdən fərqli olaraq, İslamda evlənməmək kimi bir qayda yoxdur. Evlilik, daha doğrusu, şəhvət duyğusu Allah-Təalanın insana verdiyi ən xoş, cazibəli duyğulardan biridir və insan bu mövzuda çox həssas davranmalıdır ki, günaha düşməsin. Özünüz düşünün, insan bu dünyada ən çox nədən ləzzət alır? – Yeməkdən, yatmaqdan, gəzməkdən, dinləməkdən, gözəl qoxudan və şəhvətdən… Bəziləri deyirlər ki, şəhvət dünya nemətləri içində ən gözəlidir.

Hərdən düşünəndə Allah-Təalanın hikmətinə heyrət eləməyə bilmirsən: Evlilik çox gözəl duyğularla, şirin xəyallarla başlar. Bəlkə də çoxumuzun həyatının ən gözəl anları, ən şirin məqamları elə ilk evlilik illəridir. Amma bu gözəlliyin doğuş kimi ağrılı bir proseslə tamamlandığını düşünəndə adamın ağlından belə bir fikir keçir ki, əgər onların yeri dəyişik olsaydı, insan nəsli artıb yer üzünə yayılmazdı.

***

Həyat yoldaşı insan üçün çox yaxın, çox doğma varlıqdır. İnsan bəzən anaya, bacıya deyə bilmədiklərini həyat yoldaşı ilə paylaşır. Həyat yoldaşına bəzən “baş yoldaşı” də deyilir. Yəni başından keçən fikirləri, düşüncələrini onunla paylaşırsan. Başınız birdir, dərdiniz birdir, ağrılarınız, qayğılarınız, sevinciniz birdir… O qədər belə “bir”lər var ki, saymaqla qurtarmaz.

Sevimli Peyğəmbərimiz buyurur ki, qadın öz ərinə Allahın əmanətidir. Elə ər də öz həyat yoldaşına əmanətdir. Məsələyə bu nöqtədən yaxınlaşanda işin həllinin nə qədər asan olduğunu görürsən. Məlumdur ki, insan bir şeyi borc verər, hədiyyə edər, yaxud da əmanət olar verər. Əmanət o deməkdir ki, ehtiyacın qədər və ədalət çərçivəsində ondan faydalana bilərsən, amma gərək unutmayasan ki, onun sahibi sən deyilsən, Sənə o əmanəti verəndir. Sən bir əmanətlə necə davranırsansa, o davranışına görə əmanət sahibinə də hesab verəcəyini ağlından çıxarmamalısan. Əgər sən düşünsən ki, Allahın sənə əmanət kimi verdiyi bu qadına görə Allah qarşısında hesab verəcəksən, heç vaxt ona kəm gözlə baxmazsan, niyə? – Çünki əmanətə kəm baxmaq elə əmanət Sahibinə kəm baxmaqdır. Peyğəmbərimiz bir hədisi-şəriflərində buyurur ki, sizin ən xeyirliniz öz ailəsi üçün xeyirli olanınızdır. Yəni xoşbəxt bir müsəlman ailəsi xeyir, bərəkət yuvası kimi dəyərləndirilir dinimizdə. Təbii ki, bu cür sağlam təməllər üzərində qurulmuş bir ailə yuvasını hər kiçik inciklik, narazılıq silkələyə, laxlada bilməz. Məhz bu düşüncə ilə yaşayanlar deyirlər ki, ailə kişinin qalasıdır.

Demək, ailə müəssisəsi Allah-Təalanın istədiyi bir müəssisədir və bu müəssisənin sağlamlığına, rifahına xidmət etmək Allah-Təalanı məmnun edər. İnanın ki, əsrlər boyunca İslam aləmində ailə müəssisəsinin möhkəm təməllər üzərində dayanmasını təmin edən əsas amil də elə bu həqiqətdir.

***

Araşdırmalar göstərir ki, ailə münaqişəsinin təməlində, əsasən, tərəflərin öz hüququnu bilməməsi gerçəyi dayanır. Doğrudur, ailədə konkret vəzifə bölgüsü yoxdur; kimin hansı işləri yerinə yetirməsi haqqında rəsmi sənəd imzalanmır, amma minillik ailə həyatından gələn çox gözəl normalarımız var. Ailənin ehtiyaclarını qarşılamaq, yəni çöldən içəri gətirmək kişinin borcudur. Ailə daxilində hər şeyi yerbəyer eləmək isə qadının vəzifəsidir.

Siz işdən yorğun gəlmisiniz, əlbəttə, könlünüzdən keçər ki, xoş üzlə qarşılanıb hər cür qayğı görəsiniz. Məsələn, divana əyləşən kimi, əvvəlcə, çay, ardınca da yeməyiniz gələ. Bu, səmimi ailələrdə görünən adi mənzərələrdəndir. Amma bunlar olmasa belə, gərək inciklik, narazılıq çıxarmayasınız.

Dinimiz bizə xeyir işlərdə yarışmağı tövsiyə edir. Küsülü ikən barışmağa cəhd göstərmək, əlbəttə, xeyir işdir. Ona görə də bu məsələdə təvazökar davranmaq daha xeyirlidir. Peyğəmbərimiz buyurur ki, rast gələn iki adamdan kiçiyin birinci salam verməsi ədəbdir; böyüyün salam verməsi isə ərdəmdir, yəni böyüklükdür. Elə düşünürük ki, incikliyin aradan qaldırılması mövzusunda bu misal çox gözəl ölçü, örnək sayıla bilər. Bir məsələni də xtırladaq ki, dinimiz yalanı şiddətlə yasaqlayır, ancaq müstəsna hallarda yalanı haram kateqoriyasından çıxarar. Yalanın haram sayılmadığı həmin o müstəsna hallardan biri də ailə içində əmin-amanlığı, barışı qorumaq, incikliyin, davanın qarşısını almaq üçün söylənən yalandır. Təbii ki, bu halda da gərək başqalarına zərər verməyəsən.