“Ən yaxşı əsərim hələ yazılmayıb”

0
541

Untitled-2Zahid Xəlil, yazıçı

– Sizə görə, həyatda ən asan və ən çətin şey nədir?

– Həyatda asan şey çoxdur. Qazandıqlarını itirmək, ümumiyyətlə, heç nə qazanmamaq, passiv həyat və s. Cəmiyyətdə nüfuzunu itirmək üçün adi bir hərəkət, yerinə düşməyən bir söz bəzən kifayət edir ki, insanların sənin haqqında on illərlə təsəvvür etdikləri imic puç olub getsin.

Çətin şey isə tamamilə səndən asılı deyil. Sən qurmaq, yaratmaq istəyirsən. Qarşına maneələr çıxır. Bəzən bu maneələr yolçuya hürən itə oxşayır. Əgər sən yolundan ayrılıb həmin itə daş atmağa başlasan, ləngiyərsən.

Çətin işlərin öhdəsindən bəzən böyük bir istedadla da gəlmək olmur. Əgər sən istedadının qədrini bilirsənsə, onu qorumalısan. Onun üçün pələng təlimçilərinin gördüklərinə bənzəyən işlər görməlisən. Çətin şey insanın həyat yoludur; Ömrünün sonuna qədər apardığı mübarizənin tarixidi. O hər gün bir sürprizlə qarşına çıxa bilər. Ağzında çətin şey deyirsən.

 

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

– Ağıl insanın ən etibarlı yoldaşıdır. Kiçik bir ərazidə minlərlə ağac tingi yetişdirmək olar. Uzaq bir kənddə əyləşib, böyük problemlərin həllinə girişmək mümkündür. Kompyuter əsrində uzaq-yaxın anlayışı aradan götürülüb axı.

 

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Təəssüf ki, valideynlərimə ürəyim istəyən qədər qulluq edə bilmədim. Elmi işlər, yaradıcılıq başımı çox qatdı. Adama elə gəlir ki, əzizlərin həmişə yanında olacaq. Amma həyat amansızdır.

Ona sevinirəm ki, gözəl ailəm var. Ömrün təxminən 30 ilini müntəzəm bədii yaradıcılıqla məşğul oldum. Xeyli kitab yazdım. Çoxlu dostlarım var. Nəvələrim ətrafımdadır. Hamısı da yaxşı oxuyur. Yaxşı mütəxəssislər kimi yetişəcəklərinə inanıram.

 

– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

– Həyatda çox adama borcluyam. Qəbul imtahanlarında mənə 5 yazan, hələ də adlarını belə bilmədiyim o müəllimlərə, əsərlərimi müxtəlif dillərə tərcümə edən insanlara. Üzünü görmədiyim, amma vicdanlarının səsinə qulaq asıb, mənə dayaq duran Allah adamlarına.

 

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı.

– Vətən, ana, ailə

 

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

– Yaxşı riyaziyyatçı ola bilərdim. Ədəbiyyat müəllimliyindən də narazı deyiləm. Yazıçılıq isə mənə həyat verən sevimli peşəmdir.

 

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Əgər səhvim varsa, uşaqdan da üzr istəyə bilərəm.

 

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

– Sabir haqlıdır. Ən ağır dərdə belə, gülməyi bacarmaq lazımdır.

 

– “Kaş ki filan ölkədə doğulaydım. Filan xalqın nümayəndəsi olaydım” dediyiniz olubmu?

– Olub! Avropalıların vicdanla istehsal etdikləri məhsulları alanda, almanların nə qədər dəqiq olduqlarını görəndə ürəyimdən belə bir hiss keçib. Amma dara düşən insana hamılıqla yardım etməyi bacaran millətimi görəndə şükür edirəm ki, azərbaycanlıyam.

 

– Evinizdə inciklik olurmu? Olursa, kim barışır?

– Olur. Amma mənim küsülü qalmağa dözümüm yoxdur. Küsdüyüm insanın yaxşı keyfiyyətlərini dərhal xatırlayır və ağ bayraq qaldırıram.

 

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Qarşısında günahkar olduqlarım çoxdur. Onlarca adam mənə gizlində yaxşılıq etdikləri halda, vaxtında tapıb, onlara  təşəkkür edə bilməmişəm.

Əgər edilən günah müqəddəs duyğuları tapdalamırsa, həmin adamı bağışlamaq çox asandır.

 

– Sizcə, azadlıq istədiyini etməkdir, yoxsa istəmədiyini?

– Azadlıq böyük nemətdir. Həm də şərti anlayışdır. İnsan hər şeyi cəmiyyət qanunlarından kənara çıxmadan etməlidir.

 

– Sevgi nədir? Ümid, qorxu, xoşbəxtlik?

– Sevgi insanı qurmağa, yaratmağa həvəsləndirən möhtəşəm bir duyğudur. Dünya sevginin üstündə kökləndiyi üçün daim inkişafdadır. Sevgi deyəndə, çox zaman əks-cinsdən olan insanların duyğuları nəzərdə tutulur. Bəlkə də böyük sevgilərin əsası elə budur. Əks-cinsdən olan sevginin dərəcələri olur. Məcnun, Kərəm, Leyli, Əsli sevgisi hökmən fəlakətə aparır. Çünki belə sevgidə yalnız hiss iştirak edir. Ağıl kənarda qalır. Amma onlar sevgi yolunda məhv olsalar da, dünyada sevginin yaşamasına xidmət edirlər. Ürəklərdə sevgi çırağı yandıran da elə onların eşqidir.

Ağılla düşüncənin vəhdətindən yaranan sevgi isə insanı çox uzaqlara apara bilər. Hər kəs sevgisinə bir az ağıl qatsa yaxşıdır.

 

– Ən çox nə zaman utanırsınız?

– Gərək elə yaşayasan ki, utanmayasan.

 

– Ölüm nədir?

– Ölüm komediyanın finalı, dünya ilə zarafatlarımızın sonudur. Amma zarafatsız deyim ki, ölüm gözləmədiyin qonaqdır. Gəlməsə, daha yaxşıdır. Təəssüf ki, gələcək. Ölüm ən böyük həqiqətdir.

 

– Çoxlu pulunuz olsa, hara xərləyərdiniz?

– Zarafatı buraxın. Amma, doğrudan da, belə bir şey olsa, pulumu ancaq gəncliyin təhsilinə xərcləyərdim. Bu gün təhsilə qoyduğumuz hər qəpik sabah milyona çevrilə bilər.

S.Vurğunun Vaqifin dili ilə dediyi bir bəndin fəlsəfəsi də elə budur:

Açılsın hər yerdə məktəb, mədrəsə,

Balalar quş kimi versin səs-səsə,

Nəğmələr bəzəsin vətən mülkünü,

Mən də qoca vaxtı görüm o günü.

 

– “Mən almasam, bir başqası alacaq; mən olmasam, başqası olacaq düşüncəsi nəyi ifadə edir?

– Ölüvay düşüncədir. Bu düşüncə insanı inkişafa, tərəqqiyə aparmır.

 

– Həyatda ən böyük təsəlliniz?

– Təsəlli məğlubiyyətin ünsürüdür. Az-az hallarda nədənsə təsəlli tapıram. Mübarizə daha yaxşıdır.

 

– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– Uğurlarım haqqında verilən sualları heç xoşlamıram. Hətta bu yaşımda da belə, hesab edirəm ki, ən böyük qələbəm qarşıdadır. Ən yaxşı əsərim hələ yazılmayıb.

 

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Belə günlərdə çox sıxılıram. Amma çoxdan görüşmədiyim əzizlərimi ətrafımda görəndə sevinirəm.

 

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə 2-3 kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Ürəyinizdən kini atın. Bir-birinizi sevin! Dünya sevginin üstündə dayanıb.

 

– Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– Ən yaxşı xarakter təvazökarlıq, mərdlik, səxavət. Ən pis xarakter yalançılıq, qorxaqlıq, xəsislik.

 

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə, heyran, ya da aşiq olmusunuzmu?

– Aşiq olmamışam. Amma səsinə heyran olmuşam. Neçə il əvvəl Flora Kərimovaya şeir də həsr etmişəm.

Sənin səsin, çoxlarını

Dar ayağa çəkəsidi,

O çağlayan nəğmə deyil

Bir ildırım hikkəsidi

Oxuma, Flora, oxuma!

 

Milyon ürək vəcdə gəlir,

Bir ürəyin yanğısından,

Qorxuram ki, alışaram,

Zəngulənin çınqısından,

Oxuma, Flora, oxuma!

 

Günün ilıq şüaları,

Necə çönüb səs olubdu?!

Qışın da öz ləzzəti var –

Qış çevrilib yaz olubdu,

Oxuma, Flora, oxuma!

 

Dağ başından duman qalxır

Tüstülənir neçə ocaq.

Bir az da belə oxusan

Dünya yanıb kül olacaq.

Oxuma, Flora, oxuma!

 

Burax gesin bu sevdanı,

Qurusun gözünün yaşı.

Məhəbbətin dağ selidir.

Uçurarsan dağı – daşı.

Oxuma, Flora, oxuma!

 

Ürəyini hələ çoxmu

Verəcəksən tufanlara?

Mən cəhənnəm, rəhmin gəlsin,

Təzə qalxan cavanlara.

Oxuma Flora, oxuma.

 

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Bu mümkün deyil. Əgər belə bir iş olsa, təqsiri özümdə axtararam.

 

– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

– Sözün işlənmə məqamına, cümlənin ahənginə baxır. “Mən səni sevirəm” sözünü həqiqi mənada da işlətmək olar, nifrət etmək mənasında da.

 

 

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Xoşbəxtlik nisbi anlayışdır. Mənə altdan yuxarı baxanlar üçün xoşbəxt, üstdən aşağı baxanlar üçün bədbəxtəm. Hər halda xoşbəxtlik üçün çox şey çatışmır.

 

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Mənim şeirlərimdə belə bir deyim var:

Kaman idim, quruca sim qalmışam,

Tufan idim, bircə əsim qalmışam.

Bir şəklimdi, bir də səsim qalmışam

O odlara salma məni, amandı!

Bir quru şəklim də balalarım üçün mənəvi xoşbəxtlikdir.

 

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

– Deyərdim ki, sən necə də ədalətsizsən!

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Bəli, mənə böyük bir vəzifə veriləsi idi. Təsdiqə çağırmışdılar. Elə həmin iclasda ədalətsiz bir təklifə qarşı çıxdığım üçün mənim də kitabımı bağladılar. Amma təəssüflənmirəm. Çünki haqq sözümü deyə bilmişdim. “Bağırmaq istəyən adam” hekayəsinin qəhrəmanı kimi…

 

– Gənclik hansı yaşda bitir?

– Bunu demək çətindir. 70 yaşlı bir kişi gənc ola bilər. 20-25 yaşlı cavan isə qoca. Burada düşüncə tərzi, həyata baxış xüsusi rol oynayır.

 

– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Dostlarım o qədər də çox deyil. Çünki dost nə qədər çox olsa da, həmişə azdır. İnsanların dostluğu müxtəlif səbəblərdən ola bilər. Xalq dostluğu belə səciyyələndirir; çörək dostu, ürək dostu, dil yarı. Sizə ürək dostu olmağı arzulayıram.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here